Vaxt.Az

“Əkinçi”dən başlanan işıqlı yol...


 

147 ildir xələfləri üçün mayak rolunu oynayır

“Əkinçi”dən başlanan işıqlı yol... “Qəzet dərviş kimi nağıl deyə bilməz; onun borcudur işlərin yaxşı və yamanlığını ayinə kimi xalqa göstərsin, ta xalq öz nikübədindən xəbərdar olub onun əlacının dalıncan olsun”.

Bu fikirlər Azərbaycan milli mətbuatının qaranquşu olan “Əkinçi” qəzetinin yaradıcısı, görkəmli təbiətşünas alim, maarif fədaisi, Vətənimizin gerçək təəssübkeşlərindən Həsən bəy Zərdabiyə (1842-1907) məxsusdur.

Bəli, ilk qəzetimiz dərvişlik etmək üçün yaradılmamışdı. O, uzun illərdir müstəmləkə zülmü altında inləyən xalqın bəsirət gözünü açmağa, ətrafına, ən əsası isə öz taleyinə nəzər salması üçün min bir çətinliklə araya-ərsəyə gətirilmişdi.

1875-ci il iyulun 22-də H.Zərdabinin redaktorluğu ilə ana dilimizdə ilk mətbu orqan – “Əkinçi” qəzeti nəşrə başlayıb, iki il ərzində 56 sayı işıq üzü görüb. Bu qısa ömründə qəzet mədəni-maarif tariximizdə, Azərbaycan xalqının milli oyanışı və özünüdərki yolunda tarixi səhifə açmağa nail olub. “Əkinçi”nin nəşrə başladığı 22 iyul tarixi təqvimimizə Milli Mətbuat Günü – media işçilərinin peşə bayramı kimi yazılıb.

Necə ki, Mirzə Cəlil “Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı” deyirdi, elə “Əkinçi”mizi də təbiət və zəmanə yaratmışdı. Daha doğrusu, onu zəmanənin təbiətşünası yaratmışdı. Həsən bəy təkcə təbiətşünas deyildi, həm də cəmiyyətşünas mütəfəkkir idi. O, haradan, nədən və necə başlamağı dəqiq bilirdi. Və haqlı olaraq rişədən başlamışdı. Həmin dövrdə əksəriyyət alim, arif deyildi. İstənilən mütərəqqi addımı əkinçi-biçinçi üçün atmaq düzgün qərar idi...

Qəzetin ətrafında toplaşan müəlliflər – H.Zərdabi, S.Ə.Şirvani, M.F.Axundzadə, Ə.Gorani, N.Vəzirov və başqaları dövrün qabaqcıl maarifpərvəri, ziyalıları idilər. Onlar “Əkinçi”nin tərəqqipərvər istiqamətini də müəyyənləşdirirdilər.

Həsən bəy xalqın təsərrüfat və məişətində mütərəqqi dönüş yaratmağın gec-tez onun düşüncəsində də bir inqilab yaradacağından əmin idi. Baş verəcək bu dəyişilmə və yeniləşməni özü üçün böyük mükafat hesab edirdi. Hələ qəzet çıxmamışdan əvvəl H.Zərdabi böyük mütəfəkkir, dramaturq Mirzə Fətəliyə göndərdiyi məktubda bu yolda nə qədər səy göstərdiyindən bəhs edirdi: “Bəlkə sizi belə bir şey düşündürür ki, nə üçün başqa birisi deyil, məhz siz, özü də müftə, bir quru “çox sağ ol” eşitməyə belə ümidiniz olmadan bu barədə zəhmət çəkəsiniz. Onda mən məcburam deyəm ki, xalqa, sənə doğma olan xalqa məhəbbətdən, avamların maariflənməsindən söhbət gedən yerdə bu sual ortaya gəlməməlidir; xalqın, həm də geridə qalmış avam xalqın, sənin və mənim qardaşımın maariflənməsi işinə özünü həsr edən bir adamı belə bir fikir yoldan qoymamalıdır. O, mükafatını öz-özünə, işini görə-görə vicdanı qarşısında duyacaqdır”.

Həqiqətən də, Zərdabinin “Əkinçi” ilə açdığı işıqlı yol 147 ildir xələfləri üçün mayak rolunu oynayır. Bu maarif və ziya yolu sonrakı dövrlərdə vətənsevər ziyalılarımızın ərsəyə gətirdiyi digər mətbu nümunələrimiz tərəfindən davam etdirilərək xalqımızın milli oyanışında, XX əsrin əvvəllərində istiqlal arzularının gerçəkləşməsində dərin iz qoyub. Azərbaycan mətbuatı tarixinin sonrakı mərhələlərində, eləcə də sovet dövrünün məlum ideoloji çərçivələrində belə özünün başlıca missiyasını yerinə yetirərək maarifçi düşüncənin genişlənməsinə, xalqımızın milli-mədəni inkişafına öz töhfələrini verib.

Mətbuatımızın müstəqillik dövründə fəaliyyəti xüsusilə zəngindir və ölkəmizin ictimai-siyasi, mədəni həyatında, milli həmrəyliyin möhkəmləndirilməsində, mənəvi dəyərlərin qorunması və təbliğində kütləvi informasiya vasitələri mühüm rol oynayır.

Azərbaycan mediası özünün ən çətin sınaqlarından birini 2020-ci ilin 44 günlük Vətən müharibəsində verdi. Azərbaycanın haqlı mübarizəsinin yüksək peşəkarlıqla ölkə və beynəlxalq ictimaiyyətə çatdırılmasında bütün imkanları ilə səfərbər oldu...

Müstəqilliyimizin yaşıdı olan “Mədəniyyət” qəzeti də 31 illik fəaliyyəti dövründə Zərdabinin və onun şah əsəri “Əkinçi”nin idealları işığında fəaliyyətini davam etdirir, müstəqillik dövrü mədəniyyət sahəsinin inkişaf salnaməsini yaradır.

Milli Mətbuat Günü münasibətilə ölkəmizin bütün media nümayəndələrini təbrik edir, cansağlığı və yaradıcılıq uğurları arzulayırıq.

 





22.07.2022    çap et  çap et