Vaxt.Az

Rəsmi Tiflisin Qərblə dərdi nədir?


 

Hökumətin son bəyanatları Avro-Atlantik üzvlük hədəfindən “yayınmaq niyyəti” güdə bilər

Rəsmi Tiflisin Qərblə dərdi nədir? Gürcüstanda müxalifət jurnalistinin məhkəməsi Tiflislə Qərb tərəfdaşları arasında diplomatik qalmaqal yaradıb. İkitərəfli münasibətlərin gərginləşməsi isə ABŞ və Aİ rəsmilərinin bu ölkəyə siyasi səhnədə qütbləşməni aradan qaldırmaq üçün təzyiq göstərdiyi bir dönəmdə baş verir.

Aİ və ABŞ səfirlərilə bağlı qəzəbli deyişmələr Gürcüstanın Aİ üzvlüyünə namizədliyinin sürətlənməsinə əngəlləri üzə çıxarır. Bu arada ölkənin iki separatçı regionunu tutmuş Rusiya Ukraynada irimiqyaslı işğal aparır.

***

İyulun 20-də Dövlət Departamenti Tiflisdəki ABŞ missiyasına dəstəyini təsdiqləyib. Bundan öncə məhkəmə hakimi və hakim Gürcü Arzusu partiyasının üzvləri səfir Kelli Deqnan və onun komandasının müxalifət jurnalistinin məhkəməsinə müdaxiləsindən danışıblar. Söhbət “Rustavi 2” TV-nin keçmiş baş direktoru Nika Qvaramiyadan gedir.

Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, Gürcüstan rəsmilərinin son bəyanatları gürcüstanlıları Avro-Atlantik üzvlük hədəfindən “yayındırmaq niyyəti” güdə bilər.

“Səfir Deqnanı tam dəstəkləyirik”, – deyən Prays səfirə qarşı dezinformasiya və şəxsi hücumların “tərəfdaşlarımızın bir-birilə kommunikasiyasına uyğun olmadığını” vurğulayıb.

Milyarder Bidzina İvanişvilinin əsasını qoyduğu Gürcü Arzusu 2012-ci ildən hakimiyyətdədir. Partiya Gürcüstanın Aİ-yə inteqrasiyasına daha yaxşı hazırlaşmaq üçün gərəkən islahatların icrasında bacarıqsızlıq, yaxud həvəssizliyinə görə tənqid olunub.

***

Gürcü Arzusunun sədri İrakli Kobaxidze Aİ-nin səfiri Karl Hartzeli kəskin tənqid edərək onun Gürcüstan-Aİ münasibətlərində “yalnız mənfi rol” oynadığını deyib. Səfir iyulun 20-də ölkədən getdiyini açıqlayıb.

Partiya üzvü Nikolos Samxaradze deyib ki, Hartzel “Gürcüstanın Aİ-yə namizəd statusu alması üçün daha yaxşı işləyə bilərdi”.

Kobaxidze əlavə edib ki, Qvaramiya işiylə bağlı “hər hansı müdaxilənin olmasına dair” Deqnandan “aydın izahat, yaxud təkzib” gəlməməsindən narahatdır.

İyulun 20-21-də Avropa Parlamentinin altı üzvlük nümayəndə heyəti Tiflisdə səfərdə olub, Gürcüstanın Aİ Assosiasiya Sazişinin icrası üzrə illik hesabata görə informasiya yığıb.

Nümayəndə heyətinin başçısı, Xarici İşlər Komitəsinin başçısı Deyvid Makalister Tiflisə çatandan sonra xəbərdarlıq edib ki, “vaxt gedir”, “indi Gürcüstan hökumətinin gürcü xalqının Avropa ambisiyalarını reallaşdırması üçün aydın siyasi iradə göstərməsi üçün vacib məqamdır”.

Aİ-nin xarici işlər üzrə təmsilçisi Cozef Borrelin sözçüsü Piter Stano tvitində Gürcüstanı kəskin tənqid edib.

“Yerinə yetirilməyən ambisiyalara görə başqalarını günahlandırmaq sizin Aİ-nin necə işlədiyini, islahatların ev tapşırığı olmağını anlamanız üçün daha çox vaxta ehtiyacınız olduğunu göstərir”, – Stano yazıb.

***

Avropa Komissiyası ötən ay Ukrayna və Moldovanın namizədliyini təsdiqləyib, Gürcüstan üçün prioritetlər müəyyənləşdirib. Bu, Tiflisdə etirazlara səbəb olub, nümayişçilər hökumətdən Brüsselin 12 əsas tövsiyəsini yerinə yetirməyi tələb ediblər.

Tələb olunan islahatlara siyasi qütbləşməyə son qoyulması, media azadlığı sahəsində proqres, ədliyyə və seçki islahatları, “oliqarxsızlaşdırma” daxildir. Sonuncuda İvanişvilinin partiyası və ölkə siyasətində nüfuzunun qalmasına eyham vurulur.

İyunun əvvəlində isə Avropa Parlamenti hüquqi qüvvəsi olmayan qətnamə qəbil edərək Qvaramiya işinə istinad edərək İvanişviliyə Gürcüstanda “dağıdıcı rol”una görə sanksiyalar tələb edir. Qətnamədə azad media və jurnalistlərin təhlükəsizliyinə risklərin olduğu deyilir.

Qvaramiyanı məhkum etmiş hakim Laşa Çxikvadze Rustavi 2-nin vebsaytında dərc olunmuş məktubunda ABŞ rəsmilərinin Qvaramiya işində onu sorğu-suala çəkməklə səlahiyyəti aşdığını qeyd edir. Hakim ABŞ səfirliyinin işçisi ilə görüşdüyünü sözlərinə əlavə edib.

Səfir Deqnan Birləşmiş Ştatların Gürcüstanda məhkəmə işinə müdaxiləsi haqda iddianın həqiqət olmadığını deyib.

***

Beynəlxalq Şəffaflıq-Gürcüstan təşkilatı Qvaramiyanın məhkum edilməsini tənqidi jurnalistikasına görə qisasçılıq adlandırıb.

Qvaramiya Rustavi 2-dən 2019-cu ildə çıxıb. Bundan öncə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Gürcüstan Ali Məhkəməsinin qərarını qüvvədə saxlayıb, əsas müxalifət telekanalı hökumətə yaxın hesab edilən keçmiş sahibinə qaytarılıb.

Jurnalist mayda korrupsiya ittihamları ilə 3 il yarım həbsə məhkum edilib. O, 2019-cu ildə “Rustavi 2” televiziyasının baş direktoru işləyən zamanı vəzifəsindən sui-istifadədə təqsirli bilinib.

Rusiya Prezidenti Vladimir Putin fevralın sonunda Ukraynanı işğal qərarı verəndən sonra Tiflis martda Aİ üzvlüyü üçün müraciətini rəsmiləşdirib. Gürcü Arzusu da ölkənin Aİ üzvlüyünə dəstəyini dəfələrlə bildirib.

Ancaq İvanişvilinin ölkə siyasətinə pərdəarxasından böyük təsir göstərdiyi bildirilir. Hökumət iyunun əvvəlində elan etdi ki, Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmur, çünki bu tədbirləri ölkənin “milli maraqları”na uyğun hesab etmir.

 





22.07.2022    çap et  çap et