Vaxt.Az

Texnologiya şirkətlərində virtual problemi


 

“Apple” işçiləri ofisə qaytarmaq istəyir, narazılar var

Texnologiya şirkətlərində virtual problemi “The Financial Times” qəzeti böyük texnologiya şirkətləri işçilərinin koronavirus pandemiyasından sonra ofislərə qayıtmağa könülsüz yanaşmasından yazır. “Apple” şirkətinin icraçı direktoru Tim Kuk 2020-ci ilin martında işçiləri evə göndərəndə ağlına gəlməzdi ki, iki il yarımdan sonra onların ofisə qaytarılması belə çətin olacaq, qəzet qeyd edir.

***

Texnologiya nəhəngi sentyabrdan işçilərindən həftədə üç gün ofisə getməyi tələb edir. Ancaq işçilər etiraz səslərini ucaldıblar. Özünü “AppleTogether” adlandıran qrup bazar ertəsi – avqustun 22-də xəbərdarlıq edib ki, “rəhbərlik belə bir göstəriş” verə bilməz. “Slack” platformasında “Apple”də məsafədən işi təbliğ edən kanal üzvlərinin sayı isə 10 minə çatıb.

“Financial Times” yazır ki, “Apple” şirkətinin bu addımı texnologiya sektoru işçiləri arasında təlaşı artırıb. Onları indi bir sual düşündürür ki, çalışdıqları şirkət də bu addımı atacaqmı. Pandemiya başlananda böyük texnologiya şirkətləri işçilərini tələsik məsafədən işə keçirdilər. İndi isə hamını geri qaytarmağa tərəddüd edirlər, istedadlı işçilərin işdən gedəcəyindən ehtiyatlanırlar.

***

Məsələ ondadır ki, əmək bazarındakı işçi qıtlığı bəzi işçiləri ürəkləndirib. Hazırda texnologiya işlərinə tələbat yüksəkdir. “Morning Consult” data analitikası şirkətinin hesablamasına görə, 2022-ci ildə texnologiya sektoru işçilərinin təxminən yarısı tamamilə məsafədən işləyib, çoxunun ofisə qayıtmağa qəti marağı yoxdur.

Tik Kuksa israr edir ki, birgə iş üzbəüz görülməlidir, məsafədən, təcrid olunmuş işçi qüvvəsi şirkətin mədəni və kreativ üstünlüyünü zəiflədəcək.

“Tesla” şirkəti daha sərt yanaşma seçib. “Ofisə gəlməsəz, istefa verdiyinizi düşünəcəyik”, – İlon Mask iyunda işçilərinə emaildə yazıb. O, işçilərin həftədə azı 40 saatı ofisdə keçirməsini tələb edib.

***

“Facebook” sosial şəbəkəsinin ana şirkəti “Meta” isə əks mövqedədir, virtual işi daimi alternativ kimi seçib. Şirkət rəhbərləri hazırda müxtəlif ölkələrdə, fərqli zaman qurşaqlarında işləyirlər. “Meta”nın “İnstagram” xidmətinin başçısı Adam Mosseri də bu siyahıdadır.

“Dropbox” fayl saxlanc xidməti özünü “İlk Virtual” şirkət elan edib. İşçiləri işin 90 faizini ofisdən kənarda görəcək. “Airbnb” şirkətinin işçiləri isə ölkələrində istənilən yerdə, ilin 90 günün isə dünyanın 170 ölkəsindən birində işləyə bilərlər.

Qəzetin yazdığına görə, bəzi texnologiya şirkətləri narazı işçiləri cəlb etməyə hazırdırlar. “ZipRecruiter” şirkətinin datasına görə, tamamilə məsafədən iş təkliflərinin sayı 2019-cu ildə 12 faizdən 2022-ci ildə 39 faizə qalxıb.

 





25.08.2022    çap et  çap et