Vaxt.Az

Yüz cibdən çıxanlarla ...


 

...Barmaq sayı qədər olan vicdanlıların fərqi

Yüz cibdən çıxanlarla ... Jurnalistlərin Beynəlxalq Həmrəylik Gününü ölkə mediasının həyatında baş verən və baş verməsi gözlənilən çoxsaylı dəyişikliklər ərəfəsində qarşılayırıq. İslahatlar və bu prosesin gələcək inkişafını stimullaşdıracaq axtarışlar davam edir. Etiraf edim ki, çətin və yorucu mərhələdir. Amma bu mərhələni də adlayacağımıza, yolumuza bütün neqativlərdən də olmasa, onların əhəmiyyətli hissəsindən xilas olaraq davam edəcəyimizə əminəm.

...Müstəqilliyimizin və müstəqil mediamızın geridə buraxdığımız 31illik tarixində “həmrəylik” sözü altında bir çox mətləblərin və bu mətləblərin detallarının içərisində mələk donuna bürünmüş şeytanabənzər incəliklərin yer aldığının şahidi olmuşuq. Bizə “jurnalistlərin beynəlxalq həmrəyliyindən” danışıblar və gözümüzü açıb görmüşük ki, yanımızda kimsə yoxdur. Bəzilərinin öpüb gözlərinin üstünə qoyduqları transmilli media resursları, beynəlxalq təşkilatlar, özlərini söz və ifadə azadlığının “simvolu” kimi təqdim edən çeşidli fondlar, assosiasiyalar, federasiyalar... ən çətin günlərimizdə bizi işğalla, terrorla, vandalizmlə, bəşər tarixində misli görünməmiş saysız-hesabsız cinayətlər və onların amansız icraçılarıyla baş-başa buraxıb qarşımızdakı şərin yanında yer alıblar. Üzərimizə ağlasığmaz şər-böhtanla gəliblər. Hansısa uğurumuza sevinmək istəmişik, burnumuzdan gətiriblər. Torpaqlarımızı işğaldan azad etməyə qalxmışıq, üzərimizə “ağır artilleriya”, “raketlərlə” yürüyüblər. Şübhə etmirəm ki, əgər sözün “atom bombası” olsaydı, onu da başımıza yağdırardılar. Və indi... geridə qalan zaman kəsiyinin “savaş” səhnələrini gözümün önündən keçirdikcə, düşünürəm: Mən ibdar Solovyov və Rİ(Y) Akar simonyanlarla, Ağaye Tasnim Fırıldaqzadə və ya Səhər böhtanianlarla, Con iblislərlə, Fransua de şeytanlarla... həmrəy olmalıyammı və nə üçün? Torpaqlarımızın işğal altında olduğu, soyqırımına, qətliama, amansız müharibə cinayətlərinə... məruz qaldığımız zaman kəsiyində yanımızda olan vicdanlı həmkarlarımızı barmaqla saymaq olar. Onların da böyük əksəriyyəti ya Azərbaycanla, ya da Türkiyə ilə bu və ya digər şəkildə bağlılıqları olanlardır...

...Geridə buraxdığımız üç onillikdə ölkə daxilində erməni işğalını yuyub təmizə çıxaranların dirijor çupuqları ilə hərəkət edən, başı, əli, ayağı və digər əzaları yüz ...cibdən çıxan, üstümüzə yağdırılması planlaşdırılan böhtan kampaniyaları üçün “bəhanə generatorları” funksiyasını yerinə yetirən, şantajla, böhtanla, qarayaxma ilə peşəkar, vicdanlı jurnalistikanı nüfuzdan salan, ictimaiyyətin mediaya olan inamını sarsıdan “terminator”, dilənçi və dələduzlarla necə, həmrəy ola bilərikmi? Yox! Yox! Yox! İşıqla zülmət, xeyirlə şər, mədəniyyətlə cəhalət... həmrəy ola bilməz! Birincilərin, ən yaxşı halda ikincilərin qurbanına çevrilməsi mümkündür. Necə ki, yaxın tariximizdə bunun saysız-hesabsız nümunələrini görmüşük.

Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günündə, həm ölkəmizdə, həm də sərhədlərimizdən kənarda milli və bəşəri dəyərlər naminə həmrəy ola biləcəyimiz insanların sayı az deyil. Özümüzdən nə qədər narazı olsaq da, Azərbaycan mediasında Əlahəzrət Sözlə haqqın, ədalətin, Vətənin söz sərhədlərinin keşiyində ləyaqətlə dayanmağı bacaran, qələmi, imzası, milli qüruru və vicdanı olan həmkarlarımızın sayı da, qənaətimə görə, kifayət qədərdir. Bu baxımdan, pessimist deyiləm. Çünki həmrəyliyin şəxslər və təsisatlar deyil, dəyərlər üzərində qurulmasının vacibliyini başa düşürəm. Bir çox hallarda fəaliyyətlərində ictimai palitranın müxtəlif rənglərini, çalarlarını ifadə edən insanlar fərqli görünə bilərlər, amma yaradıcı, peşəkar və vicdanlı insanların daşıdıqları dəyərlər bir qayda olaraq, eyni olur. Fərqli görünək, fərqli düşünək, fərqli yaşayaq, amma daşıdığımız dəyərlərə, milli maraqlarımıza, Vətənimizin, övladlarımızın işıqlı gələcəyinə, Əlahəzrət Sözə münasibətdə bir olaq, həmrəy olaq. Paradoksal təsir bağışlasa da, həqiqət budur. Zatən eyni rəngdə görünən, eləcə də dəyərləri və dəyəri olmayan media kimsəyə lazım deyil.

Bu qədər...

Son olaraq, 30 il öncə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı qələmə aldığım yazının sonuncu cümləsini eynilə təkrarlayıram: Həmrəy olaq, amma həmrəng olmayaq!

 





08.09.2022    çap et  çap et