Vaxt.Az

İranı etiraz dalğası bürüyür


 

İki etirazçı güllələnib, yüzlərlə saxlanılan var

İranı etiraz dalğası bürüyür Sentyabrın 19-u günorta saatlarından başlayaraq Tehran, İsfahan, Məşhəd, Rəşt, Sənəndəc və başqa şəhərlərdə etiraz aksiyaları gecə saatlarında da davam edib. Bir neçə şəhərdə polis və etirazçılar arasında qarşıdurma baş verib, çoxlu sayda etirazçı xəsarət alıb.

“Reuters” xəbər verir ki, Kürdüstan əyalətinin Divandərə şəhərində xüsusi təyinatlı qüvvələrin açdığı atəş nəticəsində 2 etirazçı ölüb, 15 nəfər yaralanıb.

İnsan haqları təşkilatları öldürülənlərin Möhsün Məhəmmədi və Fuad Qədimi adlı şəxslər olduğunu bildirib. Məlumata görə, onlar güllə yarası nəticəsində həlak olub.

Tehranın Vəliəsr xiyabanında keçirilən aksiyanı dağıtmaq üçün isə xüsusi təyinatlı qüvvələr cəlb olunub.

Etiraz aksiyasını dağıtmaq üçün gözyaşardlcı qazdan və rezin dəyənəklərdən istifadə edib, havaya atəş açıblar.

Təhlükəsizlik qüvvələri ilə aksiya iştirakçıları arasında qarşıdurma baş verib. Etirazçılar polis maşınını aşıraraq yandırıblar.

Etirazçılar “bu qədər ordu rəhbərə qarşı gəlib” şüarını səsləndirib.

Hüquq müdafiəçiləri Tehranda keçirilən aksiyalarda onlarla narazının, o cümlədən tanınmış rejissor və qadın hüquqları müdafiəçisi Elnaz Məhəmmədinin həbs edildiyini bildiriblər.

Bununla yanaşı Tehranın Əmir Kəbir Universitetində öyrəncilərin aksiyasını dağıtmaq istəyən polisin müdaxiləsi qarşıdurmaya səbəb olub, çox sayda öyrəncinin həbs edilib, bir neçəsi yaralanıb.

Qeyd edək ki, sentyabrın 13-də 22 yaşlı Məhsa Əmini hicab qaydasına əməl etmədiyinə görə Tehranda əxlaq polisi tərəfindən döyülüb.

Həbs olunması haqqında məlumatlar yayıldıqdan bir neçə saat sonra onun beyin ölümü keçirdiyi xəbəri yayılıb.

Sentyabrın 16-ı günortadan sonra isə o, dünyasını dəyişib.

 





20.09.2022    çap et  çap et