Vaxt.Az

“İrəvanın xarici siyasətində reallıq”


 

Amerikanın beyin mərkəzi: “Ermənistan Zəngəzur dəhlizini tikməlidir”

“İrəvanın xarici siyasətində reallıq” “The National Interest” ABŞ-ın beyin mərkəzlərindən biridir. Mərkəzin rəsmi saytında “Armenia Must Build the Zangezur Corridor” (Ermənistan Zəngəzur dəhlizini tikməlidir (yəni bu, mütləqdir, hökmdür) adlı geniş yazı dərc edilib. (https://nationalinterest.org/blog/buzz/armenia-must-build-zangezur-corridor-204894) Diqqət edin: Məqalənin elə başlığında “Zəngəzur dəhlizi” ifadəsi işlədilib.

Stephen Blankın qələmə aldığı məqalədə deyilir: "Rusiyanın qlobal tədarük yollarının blokadası şəraitində, malların Şərqdən Qərbə daşınması üçün bir neçə səmərəli həll yolu var. Onların arasında ən optimalı kimi Zəngəzur dəhlizi seçilir...” Yəni Asiya ilə Avropa arasında mal mübadiləsinin ən optimal yolu Zəngəzur dəhlizidir.

Zəngəzur dəhlizi təkcə İlham Əliyevin deyil, dünyanın gündəmindədir.

Müəllif vurğulayır: “Ermənistan 2020-ci ilin noyabrında Moskvanın vasitəçiliyi ilə əldə edilmiş atəşkəs razılaşmasının bir hissəsi kimi dəhlizin açılması öhdəliyi götürüb. Bununla belə, bu sazişin şərtləri bu dəhlizi Rusiyaya həvalə edir ki, bu, növbəti fitnə-fəsad törətmək üçün təhlükəli presedentdir. Avropa İttifaqının (Aİ) ötən ilin dekabrında Ermənistan və Azərbaycan ilə üçtərəfli danışıqlarından sonra Çarlz Mişel tərəfindən açıqlanan düstur daha üstündür. Mişelin planı hər bir ölkəyə üçüncü tərəfin manipulyasiyasına yer qoymadan dəhlizin öz ərazisindən keçən hissəsinə nəzarət etməyə imkan verəcək”.

Müəllif Ermənistanı açıq şəkildə ittiham edir: “Ermənistan qlobal təchizat zəncirində çatışmayan halqanın açılmasından əhəmiyyətli dərəcədə faydalanacaq. Bununla belə, indiyə qədər rəsmi İrəvan götürdüyü öhdəlikdən geri çəkilməyə çalışıb. Sözdə Qərblə ortaqlıqdan danışsa da, Ermənistanın xarici siyasətində reallıq fərqlidir. İrəvan Kremlin ən yaxın müttəfiqlərindən birdir və Rusiyadan asılı olan dövlətlər kimi möhkəm şəkildə ona bağlıdır və bu da ölkə rəhbərliyi üçün böyük siyasi dilemma yaradır”.

Gördüyünüz kimi, müəllif birmənalı şəkildə deyir ki, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə öhdəlik götürüb. Sadəcə, Rusiyanın bu dəhlizə nəzarət etməsi narazılıq yaradır.

Eyni zamanda birmənalı şəkildə deyir ki, Ermənistan indiyə kimi Zəngəzur məsələsi ilə bağlı öhdəliyindən imtina etməyə çalışıb.

Bizim bir çox müxalifət lideri, siyasi analitik and-aman edir ki, Qarabağ atəşkəs bəyanatında (2020-ci il 10 noyabr) belə bir bənd yoxdur.

Bəli, Azərbaycan Zəngəzur məsələsi ilə bağlı Ermənistana bütün vasitələrlə təzyiq göstərməlidir. Bu prosesin qarşısını heç bir Nensi qasırğası ala bilməz. Azərbaycan buna imkan verə bilməz və heç bir halda verməməlidir.

Yadların işarəsi ilə sülh göyərçini rolunda çıxış edənlər çatlasa da, partlasa da Zəngəzur dəhlizi açılacaq.

 





21.09.2022    çap et  çap et