Vaxt.Az

“Qətiyyətli addımımızı atırıq”


 

Zelenski Ukraynanın NATO-ya üzvlüyünün sürətləndirilməsi ilə bağlı ərizəni imzalayıb

“Qətiyyətli addımımızı atırıq” Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin NATO-ya üzvlüyünün sürətləndirilməsi ilə bağlı ərizəni imzalayıb. Bu barədə Ukrayna Prezidenti Təhlükəsizlik Şurasının təcili iclasından sonra videomüraciətində bildirib.

Onun sözlərinə görə, Ukrayna faktiki olaraq NATO-nun bir hissəsidir: “Bu gün Ukrayna bunu de-yure etmək üçün müraciət edir. Biz Ukraynanın Alyansa sürətləndirilmiş qaydada üzvlüyü ilə bağlı ərizəsini imzalamaqla qətiyyətli addımımızı atırıq”.

Ukrayna lideri deyib ki, Ukrayna de-fakto NATO-da öz yolunu keçib: “Biz artıq de-fakto Alyansın standartlarına uyğunluğumuzu sübut etmişik. Biz bir-birimizə güvənirik, bir-birimizə kömək edirik və bir-birimizi qoruyuruq”.

Qeyd edək ki, sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk və Zaporojye vilayətlərində “referendum” keçirilib. Vətəndaşlar Rusiyanın tərkibinə daxil olmağa razı olub-olmadıqları barədə suala cavab veriblər. Elan olunan nəticələrə görə “referendum”da iştirak edənlərin böyük əksəriyyəti həmin vilayətlərin Rusiyaya birləşməsini dəstəkləyib.

Rəsmi Kiyev və dünyanın heç bir ölkəsi “referendum”ların nəticəsini tanımayıb.

Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin “suverenliyi”nin və “müstəqilliyi”nin tanınması haqqında fərman imzalayıb.

Bu gün Ukraynanın dörd separatçı bölgəsinin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalanıb. Mərasim Moskvada Böyük Kreml sarayının Georgiyevsk zalında keçirilib.

Sazişləri Rusiya Prezidenti Vladimir Putin, separatçı “Donetsk Xalq Respublikası”nın, “Luqansk Xalq Respublikası”nın, Xerson və Zaporojye vilayətlərinin rəhbərləri imzalayıblar.

 





30.09.2022    çap et  çap et