Vaxt.Az

Günəş xanımın işığı


 

Musiqiyə sevgi, oxumaq eşqi ürəkdə varsa, mütləq gec-tez özü öz yolunu açır

Günəş xanımın işığı Dünən – oktyabrın 2-də Akademik Opera və Balet Teatrımızın səhnəsində Xurşidbanu Natəvan saatlarıydı.

“Natəvan” operası nümayiş etdirilirdi və bu axşamı ürəyimə xüsusilə yaxın və əlamətdar edən əsərin mənə əziz 5 adamla bağlı olması idi. Bəstəçisi və libretto müəllifi unudulmazlar Vasif Adıgözəlovla Nazim İbrahimov olub.

Nazim müəllim bu mətn üzərində işə necə başlamışdı, nə təhər həvəslə çalışırdı, indiki kimi gözümün önündədir. 

Orkestri həmişəki kimi coşquyla, eşqlə əziz dostum Yalçın Adıgözəlov idarə edirdi. 

Xasay xan surətini xalq artisti, əziz dostum Azər Zeynalov yaradırdı.

Və Xurşidbanu Natəvan Selcan idi.

Selcan Nəsiblini mən uşaqlıq illərindən tanıyıram.

20 ildən də bir az qabaq mən Bakıdakı Amerika Universitetində çalışanda Selcan həmin təhsil müəssisəsinin orta məktəbində oxuyurdu. O vaxt mən bu universitetin himnini yazmışdım. Yazmışdım deyəndə ki, sözlər mənim, musiqisi Cavanşir Quliyevin idi. 

Həmin himni bütün tələbələrin və şagirdlərin əzbər bilməsini, tədbirlərimizdə ifa etməsini istəyirdik. Ona görə uşaqların hamısı ilə, o sıradan balaca Selcanla da ünsiyyətdə idik.

Musiqiyə sevgi, oxumaq eşqi ürəkdə varsa, mütləq gec-tez özü öz yolunu açır.

Selcan Böyük Britaniyada klassik vokal üzrə təhsil aldı.

Onun İngiltərənin, Fransanın, Almaniyanın məşhur konsert salonlarındakı uğurlu çıxışlarını bilavasitə orda olub dinləməsəm də, valideynlərinin həmin konsertlərdən telefonla mənə göndərdiyi fraqmentləri seyr etdikcə hər dəfə çox sevinirdim.

Ancaq Selcanı Bakıda, Dövlət simfonik orkestrimizin müşayiəti ilə dinləmək də mənə nəsib oldu. 

Başqa vokalçılarımızın ifasında eşitmədiyimiz əsərləri oxuyurdu – amerikalı bəstəkar  və musiqişünas Samuel Barberin və XIX yüzilin alman bəstəçisi Rixard Ştrausun əsərlərini.

Bu gün - 2022-ci il oktyabrın 2-də Operamızda tamaşanın başlanmasından az öncə proqramı aldım və ifaçılar sırasında Selcan Nəsiblinin adı birinci, Selcan baş rolda.

Çox fərəhləndim, çox fəxr etdim. Selcan bu axşam Natəvan idi. 

190 yaşına çatmış böyük şairəmizin əsl adı isə Xurşidbanu idi – Günəş xanım!

Arzulayıram ki, ilk baş rolunun - Günəş xanımın işığı həmişə Selcanın yollarını aydınlatsın!

 





03.10.2022    çap et  çap et