Vaxt.Az

Cahandar ağanı içində yaşadan sənətkar


 

50-ci illərdə Məhəmmə Əmin Rəsulzadə haqqında nəinki danışmaq, düşünmək belə qəhrəmanlıq idi

Cahandar ağanı içində yaşadan sənətkar Bu fotodakı şəxsi yaşlı və orta nəsil yəqin ki tanıdı. Azərbaycan SSR xalq artisti Həsənağa Salayevdir. Aktyoru “Görüş”, “Onu bağışlamaq olarımı?” filmlərindəki obrazları yaddaşlarda qalıb.

Həsənağa Salayev sovet teatrında pafos və romantizm dövrünün sonuncu mogikanlarından sayılır. Onu sovet dövrünün ənənəvi aktyor nəslindən hesab edilsə də barəsində indi oxuyacaqlarınız sizi heyrətləndirəcək.

Həsənağa müəllim milli adam imiş...

Hələ 50-ci illərdə Məhəmməd Əmin Rəsulzadədən danışmaq, Azərbaycanın hökmən müstəqil olacağını demək heyrətamiz idi.

Bəxtiyar Vahabzadə xatirələrində yazır ki, “Gülüstan” poemasına görə, təqiblərə məruz qalanda, evdə məhkum olunanda hər gün naməlum adam tərəfindən qapısının ağzına ərzaqla dolu zənbil qoyulduğunu görür. Bunun kim olduğunu illər sonra təsadüfən öyrənir. Bu, Həsənağa Salayev imiş...

Onun həyat yoldaşı  Sərvət xanımın xatırlayırdı ki, Həsənağa arabir kefi saz olanda müstəqil dövlətçilik ideyalarından, Məmməd Əmin Rəsulzadədən söz açırdı... Nə vaxtsa sovet hökumətinin dağılacağını söyləyirdi. Bu sözləri xülya kimi qəbul edirdilər.

Ömrünün ən parlaq dövründə, 54 yaşında Həsənağa Salayevi iflic vurub. Yataq xəstəsi olub. Hamı onu unudub.

Xəstə yatarkən onu ovundurmaq istəyən həyat yoldaşının: “Həsənağa bəs deyirdin sovet hökuməti dağılacaq, bəs niyə dağılmır?” sualına  “O günü mən görməsəm də, sən görəcəksən Sərvət! Məzarım üstünə gəlib mənə də xəbər verərsən!” deyibmiş...

Həsənağa Salayev 1981-ci ildə vəfat edib.

Ailəsinin taleyi faciəli olub. İki oğlu olub. Böyük oğlu Dəryanur Salayev 1992-ci ildə könüllü olaraq Qarabağ müharibəsinə gedib. Şuşanın müdafiə batalyonunda döyüşüb. 1992-ci ilin fevralında Şuşanın hərbi komendantı olan Rəhim Qazıyevə sui-qəsd hücumu zamanı həlak olub.

İkinci oğlu 2011-ci ildə vəfat edib. Həyat yoldaşı Sərvət xanım isə ömrünün son illərini ağır şəraitdə, kirayə mənzillərdə keçirib. 2020-ci ildə vəfat edib.

Belə...Sənətkarın ailə dramı həqiqətən kədərlidir.

Bir məqamı da yazım: “Dəli Kür” filmində Cahandar ağa roluna Həsənağa Salayev təsdiq olunubmuş. Səhhətinə görə, çəkilməkdən imtina edib. Ələddin Abbasovun çəkilməsini təklif edib. Həsənağa müəllim isə filmdə Cahandar ağanı səsləndirib.

Aktyoru yaşadan onun obrazları olur. Həsənağa Salayev həm sənəti, həm də ömrü ilə yaddaşlarda izini qoyub.

 





10.10.2022    çap et  çap et