Vaxt.Az

Neft qiymətlərində korreksiya


 

İnvestorlar qlobal bankların “aqressiv” hərəkətlərindən ehtiyat edir

Neft qiymətlərində korreksiya Azərbaycan nefti cüzi ucuzlaşıb. “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 0,44 dollar, yaxud 0,43 faiz azalaraq 102 ABŞ dolları təşkil edib.

Dünya bazarında neft qiymətləri ötən həftə əhəmiyyətli artımdan sonra bu gün səhər düşüb. Treyderlər tənəzzül ehtimalından narahatdırlar.

“Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 0,43 faiz azalaraq 95,78 dollar, “WTI” markasının noyabr fyuçersləri isə 0,57 faiz azalaraq 90,61 dollara geriləyib.

Ötən həftə “Brent” 11,3 faiz, “WTI” isə təklifin azalacağı gözləntiləri ilə 16,5 faiz bahalaşıb. Çünki OPEC+ noyabr ayından neft hasilatını gündəlik 2 milyon barel azaltmaq qərarına gəlib.

Bu gün neft qiymətləri korreksiyanın bir hissəsi kimi düşür. Bundan əlavə, investorlar qlobal mərkəzi bankların “aqressiv” hərəkətlərinin qlobal iqtisadi fəallığın azalmasına və böhranın başlanmasına səbəb olacağından ehtiyat edirlər ki, bu da öz növbəsində “qara qızıl”a tələbin azalmasına səbəb ola bilər.

Yüksək inflyasiya ilə mübarizə aparmaq üçün dünyanın mərkəzi bankları sərt pul siyasəti yürüdürlər. Belə ki, sentyabr ayında ABŞ Federal Ehtiyatlar Sistemi (FRS) və Avropa Mərkəzi Bankı (ECB) baza faiz dərəcəsini 75 bənd, İngiltərə Bankı isə 50 bənd artırıb. “CME Group”un məlumatına görə, analitiklərin 82 faizi FED-in noyabr ayında keçiriləcək iclasında uçot dərəcəsini yenidən 75 baza bəndi artıracağını proqnozlaşdırır ki, bu da belə sürətlə dördüncü, ilin əvvəlindən isə altıncı artım ola bilər.

Analitiklər qeyd edirlər ki, neft ötən həftə bir barel üçün 9 dollara yaxın qalxdıqdan sonra korreksiya mərhələsindədir. Ümumilikdə qlobal iqtisadi fəallığın yavaşlaması gözlənilir.

 





11.10.2022    çap et  çap et