Vaxt.Az

Londondan iranlı rəsmilərə sanksiya


 

Əxlaq polisi ilə SEPAH-ın 5 komandiri Böyük Britaniyaya buraxılmayacaq və aktivləri dondurulacaq

Londondan iranlı rəsmilərə sanksiya Britaniya İran polisinə, əxlaq polisi quruma və yarım hərbi Bəsic qüvvələrinin 5 komandirinə qarşı sanksiya tətbiq edib. Bu barədə “Reuters” xəbər agentliyi məlumat yayıb.

“Bu sanksiyalar İran hakimiyyətinə açıq mesaj verir. Biz sizi qadınlara və qızlara edilən zülmə və xalqınıza qarşı sarsıdıcı zorakılığa görə günahkar hesab edirik"-məlumata görə, oktyabrın 10-da Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli açıqlamasında deyib.

Britaniya Xarici İşlər Nazirliyi bildirib ki, əxlaq polisi İranda qadınların geyimlərinə və onların evdən kənarda necə davranmasına nəzarət etmək üçün həbs və zorakılıq hədələrindən istifadə edib.

Nazirlik habelə bütövlükdə əxlaq polisinə, onun rəisi Məhəmməd Rüstəmi Çeşmə Gəçiyə, eləcə də əxlaq polisinin Tehran şöbəsinin rəhbəri Hacı Əhməd Mirzəyə qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb.

Bununla yanaşı İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Bəsic qüvvələrinin rəhbəri Qulamrza Süleymani, İran polisinin xüsusi bölməsinin komandiri Həsən Kərəmi və polis qüvvələrinin komandiri Hüseyn Əştəri də bu sanksiyaya məruz qalan şəxslərdir.

Buna əsasən, sanksiyaya məruz qalan şəxslər Böyük Britaniyaya səyahət edə bilməzlər və onların Böyük Britaniyada olan aktivləri dondurulacaq.

***

Sanksiyalara cavab olaraq, Böyük Britaniyanın İrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb İran XİN-i Londonun İran rəsmilərinə qarşı sanksiyalar tətbiq etməsinə görə səfir Saymon Şerklifə etiraz edib.

“İRNA” xəbər agentliyinin Dünən axşam yaydığı məlumata görə, bu görüşdə Tehran Britaniyaya “İran İslam Respublikasının daxili işlərinə müdaxilə” adlandırdığı davranışı pisləyib və etirazını bildirib.

 





11.10.2022    çap et  çap et