Vaxt.Az

Agentliklə Şura arasında anlaşma


 

İki qurum əməkdaşlığa dair memorandum imzaladı

Agentliklə Şura arasında anlaşma Medianın İnkişafı Agentliyi ilə Azərbaycan Mətbuat Şurası arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Sənədin imzalanmasında məqsəd iki qurum arasında müştərək layihələrin reallaşdırılması istiqamətində effektiv və faydalı əməkdaşlıq münasibətlərinin qurulması, media mühitinin şəffaflaşdırılması, jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılması, etik davranış qaydalarının tətbiqi sahəsində proseslərin stimullaşdırılması və bu məqsədlə digər fəaliyyətlərin koordinasiya edilməsidir.

Memorandumu agentliyin icraçı direktoru Əhməd İsmayılov və Mətbuat Şurasının sədri Rəşad Məcid imzalayıblar.

Sənədə əsasən, cəmiyyətdə media savadlılığının artırılması sahəsində birgə layihələrin icrası, jurnalistlərin informasiya almaq hüququnun təmin edilməsi istiqamətində imkanların artırılması, mediada dərc olunan və ya yayımlanan informasiyanın məzmununa dair hüquqi tələblərin, həmçinin Azərbaycan jurnalistlərinin etik davranış qaydalarının tətbiqi istiqamətində maarifləndirici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Əməkdaşlıq memorandumu eyni zamanda Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivlərinin artırılmasını, xarici təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə tədbirlər görülməsini, bu istiqamətdə birgə layihələr, konfranslar, təlimlər və seminarların təşkilini əhatə edir.

 





12.10.2022    çap et  çap et