Vaxt.Az

Yer adları haradan götürülüb?


 

Masallı və Biləsuvar sözlərinin türk xalqlarına bağlılığı barədə

Yer adları haradan götürülüb? Rusiyada yaşadığım ilk illərdə Yarik adında bir dağıstanlı-ləzgi ilə tanış olmuşdum. Adı mənə əcaib görünmüşdü. Bir dəfə özündən nə üçün ona belə bir əcaib ad qoyulduğunu soruşanda dedi: adımın mənasını dəqiq bilmirəm, ancaq qocalardan eşitdiyimə görə, bu söz nə isə çox müqəddəs bir məna daşıyır. Bundan asılı olmayaraq, orta yüzilliklərin tarixi ilə bağlı hansısa kitabda Börküyarıq adlı məşhur bir türk sərkərdəsinin adı ilə rastlaşmışdım və bu da mənə çox əcaib görünmüşdü. Sonradan qədim türk sözlərinin yozumu ilə bağlı sözlüklərdən öyrəndim ki, sən demə, “yarık” sözü türkcədə “parlaq işıq” mənası verən bir sözdür. Deməli, belə çıxır, dağıstanlı tanışımın adı çox mənalı bir söz imiş, habelə, “börküyarıq” da, papağın şərəf rəmzi sayıldığı çağda, şan-şöhrət mənasında işlənirmiş. Yeriu gəlmişkən, dilimizdə unudulmuş bu söz rus dilində yaşamaqda davam edir, bildiyiniz kimi ruslar “parlaq işıq” mənasında “яркий” (yarkiy) sözünü işlədirlər.

Daha bir əlavə. Orta məktəbdə riyaziyyat müəllimi işlədiyim çağlarda rəhbəri olduğum bir sinif vardı. Şagirdlərin adını sinif jurnalına yazanda onlardan birinin atasının adının “Şötü” olduğunu öyrənib həm təəcüblənmiş, həm də biraz qəzəblənmişdim ki, görün bu adama necə mənasız bir ad qoyublar. Cəlilabadda “Şötüylü” adında bir kənd var, o kəndin adından da xoşlanmazdım. Qonşu kənddə “İsbar” adında bir sürücü vardı, onun adını da bəyənməmişdim. Ancaq L. Qumilyovun “Qədim türklər” əsərini oxuyanda Göy türklərin adlı-sanlı “Şetiy” və “İşbara” xaqanları haqda oxuyanda, indi bizə əcaib görünən bu adların əslində çox qədim və dəyərli adlar olduğunu anladım. 

Orta əsrə aid tarixi mənbələr indi Cəlilabad adlanan şəhərin yerində qədimlərdə “Həməşəra” adında bir şəhərin olduğunu yazırlar. Cəlilabadın ilk peşəkar tarixçisi sayıla biləcək mərhum Rəşid Əsgərov bu adı araşdırmış və belə bir nəticəyə gəlmişdi ki, bu ad vaxtilə zərdüştçülərin üzümdən çəkdiyi məstedici “homa şirəsi” ilə bağlı olaraq yaranmışdır. Ağlabatan görünsə də, məntiqli izah deyildi. Çünki “homa” və “şirə” sözləri biri birindən çox uzaq olan dövrlərdə yaranmış məfhumlardır və bunları biri birinə calaq etmək sünilik yaradır. Mən də gənc yaşlarımda “Həməşara” sözünün necə yarana bilməsi ilə bağlı çox düşünmüşdüm və 1986-cı ildə Cəlilabadda dərc edilən “Yeni gün” qəzetində bununla bağlı bir məqalə çap etdirmişdim. Mən Cəlilabadın içindən axıb keçən “Mişarçayın” necəsə, “Həməşara” adını doğurduğunu yazmışdım, ancaq bu necənin özünün “necəliyi” məsələsinə aydınlıq gətirə bilməmişdim. Sonradan bu və bunabənzər problemlər üzərində araşdırma aparanda mən Cəlilabad da daxil olmaqla qonşu rayonlardakı qədim yer adlarının necə yarandığının məntiqi izahı üzərində düşünməyə başladım. Yəni bu adlar hansı məntiqi prinsipi əsasında qoyulurdu? Biləsuvar adından başlayaq. Bu adın guya “Piləsüvar” sözbirləşməsindən yarandığını yazırlar: “pil” farscada “fil”, “süvar” isə “minici” mənasını verir və iddia edirlər ki, hansısa ərəb sərkərdəsi buraya fil minərək gəldiyi üçün bura belə bir ad almışdır. Məncə, bu yozumda nə ağlabatanlıq, nə də məntiq vardır. Biləsuvar çayının içindən el içində “balqarçay”, rəsmi yazışmada “Balharı çayı” deyilən bir çay axır. Balqar-balkar-bulkarların çox qədim türk xalqlarından biri olduğu, Avropada imperiya qurduğu, öz adını bugünkü Bolqarıstanda yaşatdığı bəllidir. Bulqarların bu gün yaşayan törəmələri indi Rusiyanın Kabarda-Balkariya muxtar respublikasında yaşayan balkarlardı və... çox maraqlıdır, balkarlar özlərini “malhar” adlandırır. Yəqin ki, mənim iştirakım olmadan özünüz müqayisəli təhlil aparıb nəticə çıxara bilərsiniz. Elə isə, “Biləsuvar” toponiminin (yer adının) yaranması bu “balkar-bulqar” adı ilə bağlı ola bilməzmi? Bu fikri gücləndirən əsas dəlil isə sözün ikinci hissəsi olan “suvar” sözünün doğrudan da çox qədim suvar-subar-subir kimi tanınan türk xalqı ilə birbaşa bağlı olmasıdır. Əgər nəzərə alsaq ki, bu iki xalqın Volqa boyunda Bulkar-Suvar ittifaqı qurduğunun tarixi mənbələrdə izi qalmışdır, onda nədən “Biləsuvar” toponiminin məhz elə “Bulqar-Suvar” sözbirləşməsindən yarandığını deyə bilmərik?

Gəlirəm Cəlilabada. Mişarçayın adını götürdüyü “mişar” etnonimi (etnik adı) hunların daxilində olan qədim bir xalqın adıdır, qalıqları bu gün də Sibirdə yaşayır və özlərini xalq olaraq “mişar” adlandırırlar. Mişarçaydan Masallıya doğru 10 kilometrə yaxın yol gedib “Komanlı” kəndi ilə qarşılaşırıq. Komanlar-Kumanlar hunların ən çoxsaylı tayfalarından birinin adıdır. Elə isə, “Həməşara” toponiminin “Kuman-Mişar” sözbirləşməsindən yaranıb sonradan təhrifə uğrayaraq (ərəb-fars tarixçilərinin yazılarında yer adlarının belə təhrif olunması nümunələri var) “Həməşara” şəklinə düşməsi ağlabatan deyilmi?

Nəhayət, Masallı toponimi. Madam, Biləsuvardan başlayaraq Masallıyadək qədim türk xalqalrının adı ilə yaranmış bu qədər yer adları vardır, onda nədən, “masallı” adının çox qədim türk tayfalarından biri olan “basmal”ların adından yaranması mümkün olmasın?

Bu qədər. Əlbəttə, dediklərim mülahizələr və fərziyyələrdir. Mübahisə, araşdırma və təkzib edilmək üçün açıqdır.

P. S. Tarixin necə saxtalaşdırıldığı və məqsədyönlü şəkildə təhrif edildiyi barədə təsəvvür yaransın deyə, Lev Qumilyovun bir qeydini baxışlarınıza çatdırıram: “VIII yüz ildə, Göytürk Xaqanının buyruğundan çıxan bir bölük döyüşçü Soqdianaya gəlib buranı çapıb-talamağa başladı. Göytürk xaqanı oğlu Elarslan təkini qoşunla onların üzərinə göndərdi, xaqan oğlu bu quldur dəstəsini məhv edib onların yaramaz hərəkətlərinə son qoydu”. İndi baxın, görün, bu hadisə farsdilli tarixi mənbələrdə necə yazılıb: “İgid Şiri-Kişvər (?!), Soqdianaya soxularaq burada quldurluq edən göytürkləri məhv etdi, onlardan sağ qalanları isə qaçıb dağıldılar”.

 





15.10.2022    çap et  çap et