Vaxt.Az

Füzulidə xilasetmə


 

Yazıçı-döyüşçünün xatirələri

Füzulidə xilasetmə Füzuli istiqamətində mövqelərdə yerləşmişidik. Öncədən qeyd edim ki, Bəzən qeydlərimdə kənd adlarını qarışdırdığım olur ki, bu da kənd ərazisinin sırf xəritə yönümdən yanaşmasına görə ola bilər və həmin anda qeydlər apararkən kiçik səhvlərə yol vermək də anlaşılandır. Çünki əsas məqsədim adlar deyil, detallar olub. Hər halda Kürdlər, Dörd Çinar, Yuxarı Əbdürrəhmanlı kəndlərində olduğumuzu söyləyə bilərik. Məqsəd bu kəndlərin qarşısındakı mövqeləri düşməndən təmizləməkdir.

Tağımı manqalarla mövqelərə yerləşdirmişik. Tək mənim tağımım deyil, bölük, batalyon, digər hərbi hissələrin taborları da düşmən qarşısında səpələnmiş formada mövqe tutub.

Arxa tərəfimizdə isə ordumuzun artilleriya bölmələri düşmən postlarını ardıcıl mərmi atəşinə tutur. Bu atışlardan, düşməni müəyyən qədər sarsıdandan sonra həmin mövqelərə irəliləmək nəzərdə tutulub. Həmlə taborları isə ardıcıl hücumları ilə düşməni sarsıtmağa çalışır.

Müəyyən istiqamətlərdə onlar "beton" postları olduqları deyilir. Həmçinin, hərəkətdə olan, yəni mərmi atıb yeri dəyişdirilən, posta qaytarılan minaatan atışları var ki, bu əlavə çətinliklər yaradır.

Ermənilər sözün əsl mənasında minaatanla şahmat oynayır. Deyilənə görə, önümüzdə onların gücləndirilmiş əsas postları və bu kimi mühəndis istehkamları var. Bir növ, son qırılma nöqtələrindəndir bu istehkamlar.

Dəhşətli gündür... Minaatan mərmiləri yağış kimi yağır. Mərmilərdən qorunmaq üçün səngərdə uzanmışıq. Bir növ, ardıcıl atılan mərmidən biz xilas olsaq da, kəhriz tərəfdə rabitə tağımının mövqeyinə mərmi tuş gəlir. Üç rabitəçimiz şəhid olur, ikisi yaralanır. (Sonradan öyrəndiyimə görə, şəhid olan rabitəçilərdən biri Mürsəl Kazımlı yazıçı Azər Abdullanın bacısı nəvəsi, yazıçı Alpay Azərin bibisi nəvəsidir).

Bizim tağımdan sol cinahda, təxminən, 300-400 metrlikdə digər bölüyümüz yerləşib. Həmin istiqamətdən hücum edilməsi nəzərdə tutulub. Ardınca  isə bizim bölmənin atəş dəstəyi ilə irəliləməsi planlaşdırılıb.

Ermənilər indisə sol cinahımıza mərmi yağdırır. Səkkizinci bölüyün mövqeləri zərbələr nəticəsində dağıdılıb. Can bazarı yaşanır. Biçilmiş taxıl zəmisinin yeri, açıq ərazi və səpələnmiş yaralı, şəhid yoldaşlarımız...

Gözümüzün qabağında ondan artıq yaralı və şəhid ərazidə qalıb. Həm də açıq ərazidə... Nə xilas edə bilirsən, nə də başqa cür yardım göstərə...

Onları 300 metrlikdən görüb dözə bilmirəm. Amma izləyirik. Bu “Holliwood”  filmi deyil ki, baş verənləri sadəcə can qorxusu ilə elə səngərdən izləyəsən...

Kim gedə bilər? Amma əraziyə də mərmilər düşür. Bacarmıram... Qərar vermək lazımdır. Düzü, bu nə mənim, nə tağımımın, nə də bölüyümün işi deyil. Nə də belə bir əmr verilib.  Bəs, sonradan onları mərmilər altında qoymağa görə çəkiləcək vicdan hissi? O hisslə bir ömür boyu yaşamaq olardımı? Əgər yaşamaq demək olarsa...

Mütləq o əraziyə girməliyik. O yaralıları çıxarmalıyıq. Onları çıxararkən, şəhid olsaq da, yaralansaq da, lap yaralı kimi ərazidə qalsaq, kimsə xilas etməsə də.. Amma bunu etməliyik. Onları çıxarmalıyıq.

Uzun günlərin yorğunluğu zirehli gödəkcə getməyimə, cəld hərəkətimə əngəl ola bilər. Dərhal onu çıxarıb səngərə atıram. Çünki ağır yüklü zirehli gödəkcəylə yaralı daşımaq, onları ərazidən çıxarmaq çətin olardı. Hə, gödəkcəsiz özümüzə nəsə olardı? Nə olar, olar... Əsas odur, vicdan əzabından xilas olaq.

Zirehli gödəkcəni səngərə atıb, bircə dəbiləmi taxıb kimsəyə nəsə demədən əraziyə qaçıdım. Gözlərimə inana bilməmdim. Sevincmi, qürur hissi, yoxsa nə? Bilməmdim. Əsgərlərim Nəsirov Taleh, Həsənov Mansur ildırım sürətilə məni keçərək əraziyə doğru irəliləyir. Daha sonra gözümə ikinci tağımdan Bayramov Füzuli görünür. Bölüyümüzün digər əsgərlərini də gördüm, amma simalar elə də yadımda qalmayıb.

Demək ki, vicdan hissi bu gün o ərazidə doğulmuşdu. Yaralıları çıxarmaqçün yağmurluq götürmüşük. Amma öncə şəhidi çıxarmaq lazımdır. Hər halda şəhidin mövqelərin arasında qalması, düşmənin bunu müşahidə edə bilməsi min ölümdən betər olardı. Elə də olur. Digər tağımdan və bölükdən olan əsgərlərlə onu çıxarmağa getdilər.

Mənsə bölüyün əsgərləri Bayramov, Nəsirovla yaralını yağmurluqda daşıyırdıq. Əsgər dizindən qəlpə yarası almışdı. Qan itirmişdi. Qanın qarşısını almaq üçün bir az yuxarıdan rezinlə bağlanmışdı.

Ermənilərsə sırf  bu ərazini minaatanlarla ardıcıl vururdu. Ərazidə yaralılarımızın qalması, bizim köməyə getməyimiz daha çox canlı kütləsini məhv etmək üçün düşmənə əla fürsət idi. Ətrafımıza mərmilər düşürdü. İkinci tağımın əsgəri qolundan yaralandı. Yaralı daşıyarkən, köməyinə gedərkən özün yaralanmaq...

Bu an mərmi bir neçə metrliyimizə düşürdü. Yaralını qaça-qaça apardığımızdan bir növ təngnəfəs olursan ki, ağız açılıb yumulur, mərmi dalğası zamanı beyini zərbəsi almaqdan qoruya bilir. Amma mərmiyə tuş gələrsənsə...

Mərminin təzyiqi bizi kənara tulladı. Dizim və əlim yerə bərk dəydiyindən sıyrıldı. Əsgərin biri bu partlayışdan sonra kontuziya aldı ki, onu da sonradan bildik. Amma birgə yaralı daşıdığımız əsgərlərdən biri də qəlpə yarası aldı. Belə məsafədən qəlpənin hamımıza dəyməməsi... Yaralını ərazidən çıxardıq. Sonra digərlərini. Mövqeyin yaxınlığına “sanitarka” dediyimiz tibb yardım maşını özünü yetirdi. Əslində, bu özü də qəhrəmanlıq idi. Tibb maşınını mərmilər düşə biləcək qədər yaxınlığa sürmək... Minaatan mərmisinin düşdüyü yerdən keçərkən tibb maşınının təkəri həmin mərmi quyuya düşdü. Digər əsgərlərsə, maşını köməkləşib çıxardı.

Ardınca digər hərbi hissənin həmlə taboruna hücum əmri verildi. Günün günorta çağı biçilmiş taxıl zəmisiylə həmlə taboru erməni postlarına qaçaraq, bəzənsə, qaz yerişi ilə irəliləyirdik. Və 20-25 şəhid olduğu bildirildi.

Sükut. Mövqedəyik. Əsgər Həsənov və digər tağımdan Quliyev “Quran” ayələri oxuyur. 

Bu istiqamətdə batalyonumuz ümumilikdə 4 şəhid, 20-ə yaxın yaralı verdi.

Bu gün bitsə də deyirəm...

 





17.10.2022    çap et  çap et