Vaxt.Az

“Qorxulu Tehran” və qalib Azərbaycan!


 

İran indi sərxoşlar kimi özünü ora-bura çırpır

“Qorxulu Tehran” və qalib Azərbaycan! İranın Azərbaycanla münasibətlərində işgüzar və dost əhvalının yenə hərbə-zorba dilinə keçməsi bu dövlətin son 30 ildə ziq-zaqlı siyasətinin daha bir nümunəsidir.

Ötən illərdə İranın isterik davranışları müxtəlif hadisələrə nəzərən özünü büruzə verib. Xəzərin statusundan tutmuş Bakı-Tel-Əviv münasibətlərinə qədər böyük bir vizionu əhatə edən bu isterika Vətən Müharibəsindən sonra özünün çox kəskin və anlaşılmaz məcrasına çıxıb.

Arazboyu ordu düzülüşü və uğursuz əzələ nümayişinə cəhdin hədəfləri nədir?

Hədəf Azərbaycanın geostrateji siyasətdə qazandığı uğurlar və əldə etdiyi müttəfiqlərinin parlaq tablosudur.

Tehran başa düşür ki, Qafqaz artıq Rusiya çarları, sovet kommunist rəhbərləri ilə asanlıqla bölüşdürdüyü məkan deyil. Dünyanın yeni geopolitik savaşının mühüm keçidi olan Asiyaya logisitka meydanıdır.

Tehran strateqləri müharibənin “bu dağlara” belə tezliklə çatacağını güman etmirdilər.

Amma sən saydığını say, gör fələk nə sayır.

İran indi sərxoşlar kimi özünü ora-bura çırpır, “günəş altında yer” tələb edir, mifik qırmızı xətlərdən dəm vurur.

1992-ci ildə Şuşaya təminat  verə bilməyən, 1993-cü ildə Azərbaycan torpaqlarının işğalına ABŞ-la eyni mövqeyi sərgiləyən, Moskvanın regiondakı ağalığını öz xeyri kimi bilən Tehran indi öz ərazi bütövlüyünü qanı bahasına bərpa etmiş Azərbaycandan nə istəyir?

Bakı ötən 25 ildə regionda balanslı siyasəti qonşularla etimada əsaslanan paradiqma üzərində qurub. Bunun üçün hətta bəzən özünün bəzi maraqlarından da keçməli olub.

Tehran bəyəm başa düşmür ki, Xəzərə cüzi bir hissədə çıxışı olan İran məhz Azərbaycanın razılığı ilə bu dəryada pay sahibi edilib?

İran bilmir ki, Bakı Xəzəri üçüncü ölkələrin hərbi və digər fəaliyyəti üçün bağlı elan etməklə ağalar üçün bir centlmen addımı atıb?

İran anlamır ki, Azərbaycan öz ölkəsində İrana qarşı heç vaxt hər hansı bir ölkənin fəaliyyətinə imkan verməyib?

Hələ İranın Azərbaycanla iqtisadi, enerji və logistik əməkdaşlıq layihələrini demirik.

Tehranın Avropaya çıxacaq yolu Bakı deyilmi?

Bölgəni Azərbaycan olmadan “pay-püş” etmək siyasəti sadəcə ürək bulandırır.

Əlbəttə, İranın daxilində SEPAH-a söykənərək hərbi -zorakılıq nümayişi ilə siyasət yürütməyi vacib sayan siyasi elitasından savayı, ölkəsinin gələcəyini düşünən, “müqavimət iqtisadiyyatının” fəlakətli nəticələrini anlayan siyasi elita da var. Onların regiona və Azərbaycanla əlaqələri ilə bağlı prioritetləri tamam ayrı məsələlərdir.

İran Azərbaycana güc nümayişi ilə guya Rusiyaya, İsrailə, Qərbə özünün prinsipiallığını nümayiş etdirməyə çalışır. Amma Cənubi Qafqazda logistika uğrunda geostrateji savaş indi Azərbaycanla dost olmaqdan keçir.

Hamı bunu anlayır.

Tehran isə geopolitik qorxularının qurbanına çevrilib.

 





24.10.2022    çap et  çap et