Vaxt.Az

Hindistan Çinin bazarını bağlayır


 

Asiyada investisiyalarda yerdəyişmə baş verir

Hindistan Çinin bazarını bağlayır “Deutsche Bank”ın rəhbəri Kristian Syuinqin sözlərinə görə, Hindistanın iqtisadi artım tempi böyük bankların və maliyyə mərkəzlərinin diqqətini cəlb edib. Bank rəhbəri hesab edir ki, dünya iqtisadiyyatında geriləmə qeydə alınarkən, Hindistan böyük investisiyalar cəlb etməyə müvəffəq olub. Əhalisi bir milyarddan çox olan Hindistan Çinlə rəqabəti gücləndirib.

Buna baxmayaraq, bölgədə siyasi risklər Hindistan iqtisadiyyatının inkişafını əngəlləyə bilər. Misal üçün Kəşmirdəki vəziyyət hər an sabitliyi poza bilər. Dünyanın böyük maliyyə mərkəzləri isə sabit ölkələrə yatırımlar qoymaqda maraqlıdırlar, qeyri-müəyyənlik və hərbi toqquşma yatırımçıları ölkədən qaçırda bilər. Misal üçün Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi işğalçı müharibə və ya Tayvan adasına görə Çinlə ABŞ arasındakı münasibətlərdə gərginlik beynəlxalq maliyyə mərkəzlərini Rusiya və Çindən uzaqlaşdırıb. 

Rusiya və Çindən uzaqlaşan kapitalın Hindistana yönəldiyi bildirilib. Məşhur “Citigroup”un rəhbəri Manolo Falkonun sözlərinə görə, dünyada müxtəlif gərginliklər fonunda yatırımların Hindistana istiqamətlənməsi müşahidə olunur. Halbuki, yatırımlar əvvəlki illərdə Çinə yönəlirdi. Yatırımçıları Çindən uzaqlaşdıran Tayvan böhranı ilə yanaşı Pekinin koronavirusla mübarizədə sərt qapanmalar əmri olub. Pekin harada virus aşkarlayırdısa, həmin şəhəri həftələrlə qapadırdı. Bu isə həmin şəhərlərdəki müəssisələrin fəaliyyətini iflic edirdi. Nəticədə həmin müəssisələrə yatırım qoyanlar maliyyə itkisi ilə üzləşdilər və gəlirdən məhrum oldular, digər tərəfdən müəssisələr arasında zəncir halqası qırıldı.

Dehli bu vəziyyətdən öz məqsədləri üçün istifadə edib. Hindistan ötən il 83 milyard dollar yatırım cəlb etməyə müvəffəq olub. Bunu hindli milyarder və Asiya qitəsinin ən varlı adamı Qautam Andanı Sinqapurda keçirilən konfransda deyib. Ancaq baş nazir Narendra Modinin siyasətini Qərbdə tənqid edənlər də var. Tənqidçilərin sözlərinə görə, Hindistan hökumətində və idarəetmədə üstünlük hindlilərə verilir, müsəlmanlar və digər etnik qrupların imkanları məhduddur. Bu siyasət sabitliyi pozmaq və iqtisadi artıma mənfi təsir edə bilər. Ona görə də Narendra Modi hökuməti iqtisadi artımın dayanıqlı olmasını təmin etmək istəyirsə, ölkə içində sabitliyə zərər verəcək addımlardan çəkinməlidir.

 





26.10.2022    çap et  çap et