Vaxt.Az

Yeni sədri problemlər gözləyir


 

Rövşən Rüstəmov dəmir yolu ilə sərnişindaşımanı böhrandan çıxara biləcəkmi?

Yeni sədri problemlər gözləyir Ötən gün Prezidentin sərəncamı ilə Rövşən Rüstəmov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. ADY-də isə son illər ciddi problemlər özünü göstərməkdədir. Yükdaşımada müəyyən uğurlar olsa da dəmir yolu ilə sərnişindaşıma demək olar ki, iflic vəziyyətdədir.

Əksər daxili xətlər, Bakı-Balakən, Bakı- Qazax, Bakı-Yalama, Bakı-Astara və s. istiqamətlər üzrə qatarlar 3 ildir ki işləmir.

Bununla bağlı indiyədək ağlabatan bir açıqlama da ortada yoxdur. Qatarlar almağa, dəyişən cərəyanı sabit cərəyana çevirməyə və infrastrukturu düzətlməyə çalışdıqlarını bildiriblər.

Qurum heç Bakı-Sumqayıt, Bakı ətrafı və Gəncə istiqamətlərində də sərnişindaşımanı normal reallaşdıra bilmir.

Gah bir istiqamətdən qatarı çıxarıb digərinə calayır, gah da yük qatarlarının lokomotivini sərnişin qatarlarına calayır və s.

Görəsən yeni Sədr təyinatından sonra vəziyyət necə olacaq?

Real vəziyyət onu göstərir ki, ADY-nin sərnişindaşıması böhran içərisindədir. Böhrandan çıxmaq üçün quruma ya  ciddi investisiya yatırılmalı, yaxud da özəlləşdirilməyə hazırlanmalıdır. Yəni, daxili sərnişindaşımanın təşkili üçün xarici şirkətlər dəvət olunmalıdır.

Bu xidmət baha başa gəldiyindən güman ki, subsidiyalara ehtiyac olacaq.

Ən doğrusu o ola bilər ki, ADY-nin yeni rəhbəri hökumətdən Prezidentin ADY-nin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanına dəyişikliklər edilməsi ilə bağlı 7 fevral 2019-cu il tarixli Fərmanının icrasını tələb etsin.

Düşünürəm ki, yeganə çıxış yolu yalnız bu ola bilər.

Bu fərmana görə Nazirlər Kabinetinin dəmir yolu nəqliyyatı infrastrukturunun saxlanılması və dəmir yolu nəqliyyatı ilə sərnişindaşımanın SUBSİYALAŞDIRILMASI qaydalarını hazırlanmalıydı.

Maraqlıdır ki, az qala 4 il olur ki, Prezidentin bu fərmanı icra olunmayıb. 

Hazırda büdcə ilə bağlı məsələlər müzakirə olunur. Görəsən ADY rəhbərliyi dəmir yol infrastrukturunu qurmaq üçün, yeni qatarlar almaq üçün hökumətdən vəsait əldə edə biləcəkmi?

 





27.10.2022    çap et  çap et