Vaxt.Az

Sonuncu flaqmanın sonu


 

Priqojin-Kadırov qruplaşması dövlət içərisində ciddi şəkildə güclənir

Sonuncu flaqmanın sonu Rusiya Qara dəniz donanmasına qarşı Ukraynanın keçirdiyi son əməliyyat müharibədə bu ölkə adına növbəti uğurlu səhifələrdən biridir.

Dronlar və pilotsuz katerlərlə həyata keçirilən əməliyyat nəticəsində “Admiral Makarov” freqatı və “İvan Qolubets” minaaxtaran gəmisinin zədələndiyi dəqiqdir. 125 metr uzunluğu olan 4 min tonluq “Admiral Makarov” gəmisi “Moskva” kreyserinin batırılmasından sonra Rusiyanın Qara dəniz donanmasının yeni flaqmanıdır. İkinci flaqmanın da vurulması Rusiya üçün növbəti alçaldıcı nəticədir.

Müharibənin əvvəlindən bəri dəfələrlə vurğulandığı kimi, Rusiya pis ilişib və öz addımının hansı cavablara səbəb olacağını uzun-uzadı düşünüb hesablamağa ehtiyac görməyən, gözüqara düşmənlə üz-üzədir. Müharibə uzandıqca, hələ ukraynalıların hərbi imkanları artdıqca bu cür sürprizlər çox olacaq.

Başqa vacib hadisə Rusiya Silahlı Qüvvələrinin “Mərkəz” ordu qruplaşmasının komandanı, general-polkovnik Aleksandr Lapinin vəzifədən kənarlaşdırılmasıdır.

58 yaşlı Lapin uğurlu Lisiçansk əməliyyatından sonra iyul ayında prezidentin fərmanı ilə “Rusiya Qəhrəmanı” adını almışdı. Lakin Ukrayna ordusunun uğurlu əks-hücumları və Liman şəhərinin əldən çıxmasından sonra Lapin Kadırov tərəfindən davamlı aşağılanır və təhqir olunurdu. Belə bir parlaq hərbçinin cahil bir əyalət başçısının (özü də qafqazlı) həqarətlərinə məruz qalması iyerarxik münasibətlərlə heç bir əlaqəsi olmayan, görünməmiş hadisədir.

Kadırovun təhqirlərindən sonra belə bir qərarın verilməsi rus zabitinin şərəfinə tüpürmək deməkdir və Priqojin-Kadırov qruplaşmasının dövlət içərisində ciddi şəkildə güclənməsindən xəbər verir.

 





29.10.2022    çap et  çap et