Vaxt.Az

İki qəsəbə və iki kəndin baş planları yekunlaşır


 

13 faiz ərazi minadan təmizlənib

İki qəsəbə və iki kəndin baş planları yekunlaşır “Qarabağ iqtisadi rayonunda Hadrut və Suqovuşan qəsəbələri, Tuğ və Talış kəndlərinin baş planlarının hazırlanması yekunlaşmaq üzrədir”.

Bunu Şuşa rayonu istisna olmaqla Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə post-konflikt quruculuğu modeli” adlı tədbirdə deyib.

O, minatəmizləmə prosesindən də danışıb və deyib ki, indiyədək azad edilmiş ərazilərin 13 faizi minalardan təmizlənib. Prezidentin xüsusi nümayəndəsi həyata keçiriləcək yeni layihələr barədə də məlumat verib.

Energetika naziri Pərviz Şahbazov isə bildirib ki, işğaldan azad edilmiş ərazilərdə hazırda ümumi gücü 320 meqavatdan artıq 50-dən çox kiçik su elektrik stansiyasının bərpa və inşası üçün araşdırmalar aparılır. Yaxın illərdə Araz çayı üzərində 140 meqavat gücündə “Xudafərin” və “Qız qalası” hidroqovşaqları və su elektrik stansiyalarının istismara verilməsi də regionun “yaşıl” inkişafına öz töhfəsini verəcək.

Zəngəzur dəhlizinin potensialı ilə bağlı məlumat verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib ki, Azərbaycan Ermənistanın bu dəhlizlə bağlı təklif etdiyi 500 kilometrlik yol əvəzinə 45 kilometrlik yol təklifini irəli sürür. Daha qısa yol Avropa və Çin şirkətləri üçün cəlbedicidir.

Tədbirdə Şuşada ilin sonunda DOST mərkəzinin fəaliyyətə başlayacağı, Cəbrayılda Regional DOST mərkəzinin, Kəlbəcərdə isə Reabilitasiya mərkəzinin yaradılmasının nəzərdə tutulduğu, həmçinin bölgədə logistika infrastrukturunun qurulmasının planlaşdırıldığı barədə məlumat verilib.

 





03.11.2022    çap et  çap et