Vaxt.Az

Evin şüşədəndirsə...


 

Molla rejimini yıxılmasını istəyənlərin maraqları birləşib

Evin şüşədəndirsə... Ukrayna prezidenti Vladimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak deyib ki, Rusiyaya pilotsuz uçuş aparatları verdiyinə görə İrana zərbə endirmək lazımdır. Podolyak İranın pilotsuz təyyarələr və ballistik raketlər istehsal edən istehsal mərkəzlərinə zərbəni nəzərdə tutub. Polodyak demir ki, “Ukrayna İrana zərbə endirməlidir”. Çünki bu Ukraynanın imkanı xaricindədir. Poldoyak “İrana zərbə endirmək lazımdır” dedikdə topu İran rejiminə düşmən olan ABŞ və İsrailə atıb.

İsrail İranın özünə qarşı təhlükə yaradacaq mərkəzlərini hədəf seçə bilər. Misal üçün illərdir İranın nüvə obyektlərində çalışan bir qisim alimin qətlində İsrail kəşfiyyatının adı çəkilir. Çünki İran nüvə silahı əldə edərsə əsas hədəf İsrail olacaq. İranın pilotsuz uçuş aparatları və ballistik raketləri hələ ki, İsrailə təhlükə yaratmır. Ona görə də İsrail Ukraynanın təhlükəsizliyinə görə İrana zərbə endirməz. İsrail bu zərbələrə görə Rusiya ilə münasibətlərinin gərginləşdirilməsini də istəməz. Deməli, İranın pilotsuz uçuş aparatları və ballistik raketlər istehsal edən mərkəzlərini hədəf ala biləcək tək ölkə ABŞ-dır. ABŞ-ın İranı hədəf götürməsinin başqa səbəbi də tapılıb. Vaşinqton hesab edir ki, Tehranın Səudiyyə Ərəbistanına raket zərbəsi endirmək kimi planı var. Bu səbəbdən ABŞ-ın hərbi hava qüvvələrini artırmaq üçün İran körfəzində yerləşən təyyarələrin İrana doğru buraxılmasına qərar verilib.

Tehran seçimini edib, Rusiyaya pilotsuz uçuş aparatları verib ki, Moskva Ukraynaya zərbələr endirsin. İran rəsmiləri bir müddət bunu təkzib etməyə çalışdılar, ancaq faktlar çox olduğundan sonda Tehrandan etiraf gəldi. İran hər tərəfdən özünü tələyə salıb, bir tərəfdən daxildə təlatümlər davam edir, digər tərəfdən ətraf aləmlə münasibətlərini daha da gərginləşdirib. İranı zəiflətmək, o cümlədən rejim dəyişikliyinə daxildən və xaricdən dəstək verən qüvvələrin maraqları birləşib. Başqasına daş atanın evi şüşədəndirsə, aqibəti yaxşı olmayacaq.

 





06.11.2022    çap et  çap et