Vaxt.Az

Əliyev İranın hərəkətini bağışlamayıb


 

Başlamış proses geriyədönməz vəziyyət alıb

Əliyev İranın hərəkətini bağışlamayıb “Dəmiri dəmirlə döyərlər”, “pazı pazla çıxararlar”. Müasir İran dövləti heç vaxt dəmir olmayıb. Amma daima paz olub və görünən odur ki, indi o pazı regiondan çıxarmağın zamanıdır.

Dünya güclərinin Rusiya ilə məsələ tam həll olunmamış İrana da girişməsi Moskva ilə yanaşı Tehrana da vəziyyətinin nə qədər ağır olduğunu anladır. Azərbaycanın regionda tammaştablı müharibə aparıb, qısa müddətdə uğurlu nəticə əldə etməsi beynəlxalq birliyə yeni savaş instinkti və təcrübə qazandırdı. Rusiyanın və İranın məsələsini həll etməyin düşünüldüyü qədər çətin olmayacağı inamını gücləndirdi. Ukrayna müharibəsi bu nəzəriyyənin təcrübədə təsdiqi oldu. Ona görə ləngimədən İranın da “işinə baxmağa” qərar verildi. İran sadəlövhlük edib Azərbaycan sərhədinə qoşun yeritməklə texnikasının sınıq-salxaqlığını ortaya qoymaqdan başqa heç nəyə nail olmadı. 

Rəsmi Tehranın üzdə Azərbaycanı təhdid edib arxada Bakı ilə əlaqələrə, görüşlərə cəhdlərinin uğursuzluğu da onu göstərir ki, prezident İlham Əliyev 44 günlük Vətən Müharibəsi zamanı İranın əvvəl Araz qırağına qoşun çıxartmasını, sonra da savaş boyu Ermənistana dəstək verməsini bağışlamayıb və bağışlamaq fikrində deyil. 

AZTV-dən başqa Azərbaycanın dini liderinin-Şeyxin də İrana qarşı açıq ittiham irəli sürməsi münasibətlərdə daimi “əlyerindən”, “ümid, barış körpüsündən” də imtina deməkdir ki, bu artıq başlamış prosesin geridönməzliyini düşünməyə əsas verir.

Tam əminliklə demək olmaz ki, bu proses İranı bütövlükdə məhv edəcək. Ancaq İranın indiki rejiminin təlaşı, pərakəndə dəlilikləri düşünməyə əsas verir ki, bu dövlətin tezliklə öz mövcudluğunun yeni mərhələsinə qədəm qoyacağını hamıdan çox rəsmi Tehran anlamaqdadır.

 





10.11.2022    çap et  çap et