Vaxt.Az

Mollakratiya mediasının sevimlisi ...


 

“Səhər” kanalının diqqət mərkəzində olan Əli Kərimli Tehranın sifarişi ilə işləyir?

Mollakratiya mediasının sevimlisi ... Daxili siyasətdə daim paradokslar və təəccüblü hadisələr olur. Azərbaycan da belə olaylardan xali deyil. Gözlənilməz bəyanatlar, qəfil açıqlamalar, siyasi təşkilatlar arasında birləşmələr və qopmalar, intriqalar və mübarizə - bütün bunlar siyasi partiyaların mövcudluğunu müşayiət edən nəsnələrdir.

Lakin paradokslar arasında elə proseslər yaşanır ki, onlar ölkənin sadəcə, daxili siyasətini yox, ümumiyyətlə, varlığına qarşı yönəlmiş təhdidlər sıralamasına daxil edilə bilər.

Əfsuslar olsun ki, bir zamanlar siyasi partiya olan, son 12 ildə isə radikal neobolşevizmlə həddən ziyadə bəsit lüğətli demaqogiya emalı sexinə çevrilmiş AXCP rəhbərliyi bunu anlamır.

“Anlamır” yazdıqda AXCP sədri, həm də ötən illərinin əksəriyyətini yaşadığı mənzili verbal isterika və bəyanatlar məkanına çevirmiş bloqer Əli Kərimlinin barəsində ifrat müsbət fikirdəyik.

Səbəb qayət bəsitdir: çünki Əli Kərimli nəyi niyə və nə zaman etdiyi anlayır.

Yəni psixiatrların dili ilə desək, onda ağırlaşmış koqnitiv dissonans yoxdur, anlaqlıdır və əməllərinə görə fərdi məsuliyyət hissinə malik olmalıdır.

Əli Kərimlidə isə eqoizm, təşəxxüs, reallıq hissini itirərək xəyali aləmdə yaşamaq və s. hisslər var - məsuliyyətdən savayı.

Bu gün AXCP daha bir absurd paradoksunu yaşatdı və yaşadı.

Son vaxtlar İran İslam Respublikasının, yəni sadəcə, İranın “Səhər Azəri” telekanalının “sevimli” personajlarından birinə çevrilən Əli Kərimlinin Tehrandakı klerikal rejim tərəfindən “stavka” edilməyə başlanmış fiqur olduğunu təəssüflə qeyd etməliyik.

Vəziyyət o həddə çatıb ki, Azərbaycana qarşı aşkar düşmən mövqe tutan, ölkəmizin ərazilərini “İran torpaqları” elan edən, bizi isə “dünya imperializminin və sionizmin nökərləri” adlandıran “Səhər Azəri” telekanalı Əli Kərimlinin “YouTube”dakı “müstəqil” kanallara verdiyi müsahibələri, sosial şəbəkələrdəki çoxsaylı profillərində paylaşdığı açıqlamaları böyük həvəslə translyasiya edir.

Məsələn, “Səhər” son belə yayımını “Ölkədə bir nəfər yox, xalq söz sahibi olmalıdır!” başlığı ilə tirajlayıb, xəbər proqramlarında Əli Kərimlinin məzkur müsahibəsinə əlahiddə yer və diqqət ayırıb.

Azərbaycanla İran arasında münasibətlərin rəsmi Tehranın mövqeyi və İrandakı siyasətçilərin, medianın, yüksəkrütbəli hərbçilərin ölkəmizin ünvanına söylədikləri hədyanlardan dolayı gərginləşdiyi dövrdə “Səhər”in, ümumiyyətlə, İranda mollakratiya rejiminin total nəzarətində olan medianın Əli Kərimliyə olan “qəfil” diqqəti təsadüf sayıla bilməz.

Tam əksinə, İrandakı bəlli dairələrin və xüsusilə də rəsmi dövlət qurumlarındakı “beyin mərkəz”lərinin Azərbaycanda “yumşaq güc” strategiyasını işə salaraq taktiki vahid qismində Əli Kərimlidən də yararlanmaq niyyətləri aşkardır.

Təbii, Əli Kərimli bunu qətiyyətlə təkzib edəcək, sonadək Qərbmeylli olduğunu, Bütöv Azərbaycan uğrunda mübarizə apardığını, amalının demokratiya və insan haqları, habelə sərbəst toplaşma azadlığı və azad seçkilər olması və s. kimi açıqlamalar verəcək.

Hətta incik, sonra da qəzəbli poza alaraq bəyan edəcək ki, onu İranın maraqlarına xidmət edən şəxs kimi qələmə vermək absurddur.

İranın Azərbaycanla bağlı “əlahiddə” maraqlarına xidmət etmək Tehrana trivial casusluq etmək və ya “Hüseyniyyun” kimi dövlətimizə düşmən kəsilən qruplaşmanı təbliğ etmək deyil ki.

Rəsmi Tehranın mənafelərinə strateji baxımdan dəstək vermək Azərbaycanda daxili gərginliyin yaradılması, vətəndaş qarşıdurmasına rəvac verilməsi və Ermənistanla sülh müqaviləsinin imzalanması probleminin həlli istiqamətində addımların atıldığı dönəmdə Bakını dünya mediasında “sərbəst toplaşa bilməyən insanların tutulduğu paytaxt” kimi qələmə vermək də sayıla bilər.

52 gündən bəri genişmiqyaslı xalq etirazlarının dalğasında ləngər vuran, insanlarının çox ağırlaşmış durumu ilə bağlı adekvat addımlar atmaq əvəzinə büdcəsinin əhəmiyyətli qismini hərbi-polis aparatına və Yaxın Şərq ölkələrindəki proksi qüvvələrinin dəstəklənməsinə sərf edən Tehran bütün vasitələrə əl ataraq, Azərbaycanda stabilliyin pozulmasına çalışır.

Bu istiqamətdə İrandakı strukturlarla razılaşdırılmış, yaxud “müstəqil” şəkildə edilən istənilən əməl məntiqin təməl qanunlarına uyğun olaraq məhz Tehranın maraqlarına xidmət edir.

Eyni zamanda, AXCP-nin bugünkü aksiyasına çağırış şüarının forması da yalnız, ironiya ilə qarşılana bilər.

“Özümüzü və xalqımızı qınadığımız yetər. Hərəkət etmək zamanıdır!” şüarı ötən əsrin əvvəllərində çar Rusiyasının qərb bölgələrində “pravoslav rus” olmayanlara qarşı “çernosoten”çilərin “Özümüzü və millətimizi tənqid etməyimiz bəsdir: artıq ayılmaq, yerimək zamanıdır!” şüarının sanki təkrarıdır.

Həmin şüarlara uyan şəxslərin onlarla şəhərlərdə hansı iğtişaşlar törətmələri barədə Əli Kərimlinin, ümid edirik, heç olmasa səthi bilgiləri var.

Varsa, indi Bakıda Vladimir Qrinqmutluq etməyin hansı sonuclar verə biləcəyini təxminləməli idi.

Nikkolo Makiavellinin “Məqsəd vasitələrə bəraət qazandırır” deyimini az qala yaşam fəlsəfəsinə çevirmiş AXCP sədri və həm də bloqer Əli Kərimli sürətlə qiymətdən düşərək dəyər itirmiş siyasi fiqur idi.

İndisə o, İranın maraqları çərçivəsində Bakıda gərginlik yaratmağa çalışmış kiçik opsiya olub.

Eyni zamanda o, “YouTube” kanallarının və xaricdə mənzillənmiş “bloqer”lərin rəhbərlik etdiyi kiçik strukturların Bakıdakı xəbər istehsalçıları üçün “nyusmeyker”ə çevrilib.

Bu gün də “aksiya”ya gələn əlikərimçilərin sayı onları sayan media mənsublarından ən azı 4 dəfə az idi.

Nyusmeykerlər məşhur adamlar, təşkilatlar, qalmaqallı simalar olur bir qaydada.

Fəqət, istisnalar da az deyil: məsələn, Drezden zooparkından qaçan Qnu antilopu və ya Ağ Ev qarşısında başı üstə dayanıb “dünya miqyasında sosial ədalətsizliyə etiraz edən” 63 yaşlı Stiv Cintmen kimi.

Nə qədər acı, zavallı bir tənəzzüldür.

 





11.11.2022    çap et  çap et