Vaxt.Az

Züy ...


 

İnsanları bir araya gətirən vasitə

Züy ... Cavanlar bilməz, amma bizim uşaqlıq illərimizdə hər bir böyük məhəllədən səhərlər züy səsi gələrdi. Züy deyirəm sizə, uzun-uzadı monoton bir züy və bütün məhəllə dərhal hərəkətə keçirdi.

Biri oradan, biri burdan, hərə əlində zibil vedrəsi züy səsi tərəfə tələsirdi. Nə məsələdir?

O vaxtlar gündə iki dəfə məhəllələrə zibil maşını gəlirdi  və maşını idarə edən əlinə züy alıb var gücüylə üfürürdü ki, ay camaat, gəlin zibiliniz atı. Yarım saat da vaxt verilirdi. Kim çatmasa, axşam reysini gözləyirdi.

Amma züy çalan yalnız zibil yığan deyil idi. Zibil maşını gedəndən sonra onun dalınca süd maşını gəlirdi və eyni qayda ilə süd satan züyü əlinə alıb düşürdü məhəllənin canına. 

Camaat yenə keçirdi hərəkətə – hərə əlinə bir banka-balon alıb gedirdi süd almağa.

Bu, təkcə zibildən xilas və yaxud süd almaq prosesi deyildi. Həm də qonşuların ünsiyyət qurması üçün gözəl bir fürsət idi. 

Mənim bir tanışım gələcək həyat yoldaşı ilə zibil atanda tanış olmuşdu. Dostlar yığışanda lağ edirdilər. 

Sonra həmin lağlağı edənlər boşandılar. Amma birincilər züysüz filansız yavaş-yavaş qoşa qarıyırlar.

Həmin proseslər sanki bir ritual idi. Hamı yığışırdı söhbətlər, qeybətlər, dostluq, yoldaşlıq, qonşuluq. nə gizlədim, amma arada dava filan da düşürdü. 

Soruşacaqsınız ki, nədən düşdü yadıma bu xatirə, zibil hara, süd hara, züy hara – nə əlaqəsi?

Yuxuda gördüm ki, uşağam. Kənddəyəm. Səhərdir və Dodu inəydən sağdığı südü gətirib masaya qoyub və deyir: “Yeməyini ye, sonra get zibili at”.

Amma əslində dediyim odur ki, o vaxtın züy tutanları xeyirli işlə məşğul olurdular. Təhlükəsiz bir insanlar idi. Bu günün züy tutanları isə, Allah qorusun...

 





12.11.2022    çap et  çap et