Vaxt.Az

“Fikirlərim həlak olanların ailələri ilədir”


 

Dünyadan başsağlığı mesajları

“Fikirlərim həlak olanların ailələri ilədir” Avropa Komissiyasının rəhbəri Ursula Fon der Leyen bazar günü İstanbulda baş verən partlayışda həlak olanların ailələrinə başsağlığı verib. Bu barədə Avropa Komissiyasının rəhbəri öz “Twitter” səhifəsində yazıb.

“Dünən İstanbulda insan tələfatı ilə nəticələnən dəhşətli hücumdan sonra Türkiyəyə və türk xalqına dərin hüznlə başsağlığı verirəm. Fikirlərim həlak olanların ailələri ilədir”, – deyə Ursula fon der Leyen bildirib.

***

“İsrail İstanbuldakı partlayışdan sonra Türkiyəyə istənilən yardımı göstərməyə hazırdır”. Bunu İsrailin müdafiə naziri Benni Qants deyib.

“İsrailin müdafiə qurumu istənilən yardımı göstərməyə hazırdır. Son bir saat ərzində mən həmkarım, Türkiyənin müdafiə naziri Hulusi Akarla danışdım və ona İsrail müdafiə qurumu adından və şəxsən öz adımdan başsağlığı verdim”, – deyə nazir bildirib.

İsrailli nazir, bu faciənin bütün qurbanlarına, Türkiyə hökumətinə və xalqına başsağlığı verdiyini vurğulayıb.

“Bu hücum bizim hamımızın günahsız dinc sakinlərə zərər vurmaq istəyən qaniçən terrorçulara qarşı mübarizə sahəsində əməkdaşlığı dərinləşdirməyə davam etməli olduğumuzu xatırladan ağrılı bir mesajdır. Biz bu gün bu istiqamətdə çalışırıq və bundan sonra da fəaliyyətimizi davam etdirəcəyik”, – deyə nazir bildirib.

***

Serbiya prezidenti Aleksandr Vuçiç, Macarıstan prezidenti Katalin Novak, Yunanıstan və Əlcəzairin Xarici İşlər nazirlikləri də başsağlığı verib.

Xatırladaq ki, İstanbulun mərkəzində İstiqlal küçəsində noyabrın 13-də yerli vaxtla saat 16:20-də güclü partlayış baş verib. Partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər isə xəsarət alıb.

 





14.11.2022    çap et  çap et