Vaxt.Az

Təzə sıxılmış “Yuppi”


 

...Yaxud salfet istəyəndə qanı qaralan ofisiant

Təzə sıxılmış “Yuppi” Mən özüm bizim restoran və bütövlükdə turizm biznesində olan servis səviyəsindən o qədər yazmışam ki, Yazıçılar İttifaqına rahat ərizə verə bilərəm, nəyim əskik.

Bəzən isə müqayisə edirəm ki, bəs oralarda adamın ağzı açıla qalır, bizdə isə...

Bir az da qanım qaralır, axı biz niyə beləyik...

Amma indi gəlin oraların da iç üzünü açaq ki, çox da göylə getməsinlər. Hərdən lazımdır...

Bizdə kababxananın kabinetində keçirsən və hələ laxlayan stula dəymədən, “xolodnı” artıq masanın üstündədir!

Motal pendiri, qızdarmış təndir çörəyi, pomidor, göyərti, Qəbələnin ağ xiyarı...

Ukraynanın 40 dərəcəli məhsulu buz dolu vedrədə şıltaq-şıltaq sənə göz vurur ki, süz, onsuzda bütün kənd bilir ki, biz dərddən içirik.

Kabab gəlir, yağı axır, narlı soğana batırıb yeyirsən onu. Hərdən tələsikdən boğazında da ilişib qalır, amma mehriban dostlar kürəyinə dəmir yumuruq vurub həmin tikəni düzgün istiqamətə yönəldillər ki, bəzilər kimi çaşmasın...

Salfet paçka ilə gedir, əzizim, paçka ilə!

Boşqabları isə o qədər dəyişirlər ki, yediyinin hesabını apara bilmirsən. Axşam bir ovuc “festal”ı qucaqlayıb romantik gecəni onunla keçirirsən, hərdən “espumizan” da qatılır.

Londonda “pub”da şam edəndə ofisiantdan bir dənə əlavə boşqab istədim, oğlan “error” verdi, gör indi bundan hinduşka tikəsi istəsəydim nə hala düşərdi. Hələ kəlləpaçanı demirəm.

Salfet istəyəndə isə ümumiyyətlə qanları qaralır...

Bəs gözləmə vaxtı?

Bir dəfə Parisdə Mulen Rujun yanında kafedə “fresh orange” (təzə sıxılmış portağal) sifariş etdim, cavan ofisiant getdi qayıtmadı. Nigaran qalmışdım ki, uşağın başına iş gələr.

Amma sağ olsun, dəqiqələrin heç 40-ı çıxmamışdı ki, gəlib su ilə qarışdırılmış “poroşok” gətirdi, “Yuppi”dir nədir, ondan.

Halbuki sifariş verəndə otuz dəfə vurğuladım ki, misye, mənə təzə sıxılmış şirə gətir, oldumu?

Hələ üzümdə sıxılan portağalın mimikasını da göstərdim, aramızda qaranlıq məqamlar qalmasın. Fransızları bilmək olmur.

İnanın, az qalsa yerə yıxılıb torpaqdan yedi ki, anamın qəbrinə and içirəm, freş olacaq, sonra bildim ki, anası həmin kafenin administratorudur. Gözəl-göyçək də bir xanım idi, amma sözüm onda yox.

Dediyim odur ki, təkcə buralar lağa qoymağa yaxşı namizəd deyil, oraların da canında az yoxdur...

 





15.11.2022    çap et  çap et