Vaxt.Az

Həqqi cinayətinin həqiqəti


 

İslam respublikasından şər dövlətinə keçid

Həqqi cinayətinin həqiqəti Son hadisələr göstərdi ki, cənub qonşumuzu İran İslam Respublikası yox, çox rahatlıqla Şər dövləti adlandırmaq olar. Bu cür haqsevər insanları, gələcək üçün böyük arzular quran məsum qızları “uff” demədən öldürən bir rejimə Şər ölkəsi deməyək də, bəs nə deyək?!

Bu gün bu fotoşəkildə gördüyünüz gənc qızın – Aylar Həqqinin dəfn günü idi. 

Onun dəfn mərasimi Təbrizin “Rəhmət Vadisi” qəbiristanlığında keçirildi. 

Bəs bu tələbə soydaşımızın günahı nə idi? Molla rejiminin güc qüvvələri onu nəyə görə öldürdülər?

Sadəcə ona görə ki, bu qız etiraz aksiyalarına qatılıbmış. 

Aylar Həqqi srağagün Təbriz şəhərində baş tutan növbəti aksiya zamanı hökumət qüvvələrinin nümayişçilərə qarşı zorakılığı və güc tətbiq etməsindən sonra özünü xilas etmək üçün yaxınlıqdakı binalardan birinə sığınıb. Lakin etirazçıları təqib edən xüsusi təyinatlılardan bir neçəsi Ayların ardınca binaya giriblər və az sonra qızı binanın üstündən aşağı atıblar. 

Nəticədə ağır bədən xəsarətləri alan bu gənc qız elə hadisə yerindəcə həyatını itirib.

Bu gün Aylar dəfn edildi. 

Lakin polis qüvvələri dəfn mərasimində də zorakılıqlarından əl çəkməyiblər. Belə ki, bu gün polis və mülki geyimli təhlükəsizlik qüvvələri mərasim iştirakçılarının sayının artmasının qarşısını almaq üçün məhdudiyyətlər tətbiq etməyə çalışıb.

Bundan narazı qalan təbrizlilər hökumət əleyhinə “Bu il qan ilidir, Seyid Əli Xameneyi devrilməlidir!”, “Biz ölməyə hazırıq, Babəkin əsgəriyik” kimi anti-hökumət şüarları səsləndiriblər.

Bunu görən polis etirazçılara hücum edib. Nəticədə bir neçə nəfər saxlanılıb, daha bir neçə nəfər isə yaralanıb. 

Tibb Universitetinin tələbəsi olan gənc fəal Aylar Həqqinin öldürülməsi yeganə zorakılıq və qətl hadisəsi deyil. Bundan daha öncə fars-molla rejiminin güc qüvvələri bir çox qızları ya öldürüb, ya da ki, həbsxanalarda kütləvi şəkildə zorlayıblar. Bütün bu rüsvayçılıqları sübut edən real faktlar da artıq ictimailəşib. 

Lakin azğınlaşmış və amansız mollalar öz haqlarını tələb edən soydaşlarımızı əzməyə, edam etməyə son qoymaq istəmir. 

Hadisələrin, proseslərin arxasınca olduqca ləng şəkildə sürünən BMT isə hələ noyabrın 24-də “İranda insan hüquqları ilə bağlı vəziyyətin pisləşməsi” mövzusunda xüsusi sessiya keçirməyə hazırlaşır. 

BMT o sessiyanı keçirənə qədər hələ İranda daha nə qədər günahsız insanın qətlə yetiriləcəyi isə məlum deyil.

Şərin qurbanları gündən-günə çoxalır. 

Ukraynaya sahib çıxan dünya indi də birləşib Tehrandakı Şər qüvvəni dayandırmalıdır!


 





19.11.2022    çap et  çap et