Vaxt.Az

Çılpaq həqiqətlər ...


 

... Yaxud “düşmənlər klubu”muzun üzvləri ...

Çılpaq həqiqətlər ... Dostlarımızı yaxşı tanıyırıq, bilirik. İsraildən tutmuş Macarıstana, Albaniyaya, İtaliyaya qədər bizə dost olan ölkələr çoxdur. Qardaş ölkələrimiz Türkiyə, Pakistan da öz yerində.

Amma uzun illər idi ki, düşmənlərimizi net şəkildə tanımaqda bir az çətinlik çəkirdik. Məsələn İran özünü həm dost, həm də düşmən kimi aparırdı. Fransa da hakəzə. Lakin indi dəqiq bilirik ki, bu ölkələr bizim “düşmənlər klubu”muzun üzvləridir. 

Bu da 44 günlük müharibənin sayəsində oldu. Şuşamıza bayrağımızı sancmağımız farsın da, fransızın da illərdən bəri gizlətdikləri iç üzlərini açdı, maskalarını rüsvayçı şəkildə yırtdı. 

İndi birmənalı olaraq bilirik ki, Tehran və Paris bizə yağı düşməndir. 

Bəs bu düşmənlərlə gələcək münasibətlərimiz necə olacaq? Bu iki idbar ölkə ilə və digər düşmənlərimizlə bundan sonra necə davranmalıyıq? Və bu düşmənçilik hansı nöqtəyə qədər dırmanacaq? Farsdan, firəngdən daha hansı pislikləri gözləmək olar?

Öncə onu deyim ki, biz bir toplum olaraq düşmənlərimizlə düşməncə davranmağı öyrənməliyik. 

Məsələn, deyək ki, türk qardaşlarımızdan fərqli olaraq biz Fransa mallarını kütləvi surətdə boykot etməyi bacarmırıq. Çünki bu kimi situasiyalarda bizim toplu davranış vərdişlərimiz, ənənələrimiz demək olar ki, yoxdur. 

Bu isə həm də ondan irəli gəlir ki, bizim insanlarımızın bir çoxunda Fransaya qarşı, fransız liderlərinin və parlamentarilərinin pisliklərinə qarşı birmənalı münasibət yoxdur. Son 30 il ərzində Fransa dövlətinin Azərbaycana qarşı yol verdiyi olmazın pisliklərə rəğmən, bir çox insanlarımız hələ də Fransanın vurğunu kimi davranır, Parisin həsrəti ilə yaşayır, Eyfel qülləsi ilə bağlı xəyallar qurur, fransız parfümləri və geyimləri üçün sino gedir və s. 

Bu adamlar hətta Makronun Azərbaycana qarşı həyasız ittihamlarla dolu son çıxışından sonra da Fransa heyranlığından əl çəkə bilmirlər...

Hal böylə ikən, bizim bir əlin barmaqları kimi möhkəm yumruq şəklində birləşmiş bir millət olaraq Fransanın pisliklərinə qarşı təpki göstərməyimiz bir xeyli müşkül iş kimi görsənir. 

Eyni xoşagəlməz durumu İrana münasibətimizdə də müşahidə edirik. Ayətullahlardan artıq mollaçılıq, farsçılıq, irançılıq edən yerli iranpərəstlərimiz rəsmi Tehranın Azərbaycana qarşı son aylarda bunca hiddət, hədə, həqarət püskürməsindən sonra da fars-molla rejiminin murdar cəmdəyinə tüpürüb öz Azərbaycanımızın maraq və mənafelərinin keşiyində durmağa qərar verə bilmirlər və yaxud bilə-bilə qərar vermək istəmirlər. 

O zaman içimizdə bu qədər “sapı özümüzdən olan balta”lar, xainlər, müxənnətlər varkən İran XİN-in başçısının, SEPAH-ın generallarının, fars millət vəkillərinin təhqir və hədələrinə elliklə cavab verməyimiz də istər-istəməz çətinləşir. 

Ona görə də ilk növbədə özümüzdən başlamalıyıq, sıralarımızı təmizləməliyik, yad millətlərin heyranlarına çevrilən insanlarımızın beyinlərinə, ruhlarına xitab etməliyik, onları maarifləndirməyə çalışmalıyıq. Maarifləndirilməsi mümkünsüz olanlarla isə əlaqədar dövlət qurumlarımız məşğul olmalıdır. 

Eyni zamanda Fransa və İranın bitib tükənməyən yeni pisliklərinə, yeni təxribatlarına, hibrid müharibə, asimmetrik müharibə, proksi-savaş planlarına qarşı hər an hazır olmalıyıq. Çünki bu iki ölkədən indiyə qədər Ermənistanın və Rusiyanın timsalında bizə qarşı edilən pisliklərdən daha betərini gözləmək mümkündür. İnanın ki, ermənilərin alçaq əməlləri farsın və fransızın törədə biləcəyi xain təxribatların yanında toya getməlidir. 

Fransanın Xaç yürüşlərindən üzü bəri işğal etdiyi, müstəmləkəyə çevirdiyi Yaxın Şərq, Asiya, Afrika ölkələrində, xüsusən də müsəlmanlara qarşı tətbiq etdiyi zülm və işgəncə, hiylə və istibdad üsulları normal insan ağlına sığmayacaq qədər dəhşətlidir. 

ABŞ-dan, İngiltərədən, Almaniyadan fərqli olaraq Fransa heç bir ölkəyə qarşı açıq şəkildə addım atmır, cəngavər üsulları ilə mübarizə aparmır. Fransa tarix boyu bütün rəqiblərini, düşmənlərini məhz hiylə və xəyanətlərlə sıradan çıxarmağa çalışıb. Fransa tarixində kişi kimi döyüşməyə, at belində düşmən üzərinə getməyə, fatehlik etməyə meylli olan yeganə şəxs 1-ci Napoleon olub ki, o da fransız əsilli yox, korsikalı olub. 

Bu gün Fransanı idarə edən Emmanuel Makronun və fransız senatorlarının türk-islam dünyasına qarşı sərgilədikləri davranışlar da məkrli, hiyləgər, xaincə davranışlardır. Haqlı olanın (Azərbaycanın) yanında deyil də, təcavüzkar, terrorçu Ermənistanın yanında durmağı tərcih edən Makronun xasiyyətcə və mahiyyətcə Paşinyandan heç bir fərqi yoxdur. Sadəcə, Makronun soyadının sonunda birdənə “yan” şəkilçisi çatmır. 

Thierry Mariani, Nicolas Dhuicq, Jean Lassalle kimi qalmaqallı Fransa deputatlarının Suriyaya səfərlər edib fransız mediasının “Dəməşq qəssabı” adlandırdığı Bəşər Əsədin qanlı əllərini sıxmalarını dünya hələ də unutmayıb. Krımın Rusiya tərəfindən işğalını dəstəkləyən fransız deputatlarını da dünya yaxşı xatırlayır. 44 günlük İkinci Qarabağ müharibəsi zamanı işğalçı Ermənistan üçün “timsah göz yaşları” axıdan fransız siyasətçilərini də unutmamışıq...

Yeri gəlmişkən, uzaq Afrikanın Burkina-Faso adlı ölkəsində bu günlərdə Fransa əleyhinə kütləvi nümayişlər keçirilir. Yerli əhali Fransa səfirinin hətta ölkədən qovulmasını tələb edir. 

Niyə?

Çünki Fransa səfiri orda min hoqqadan çıxır. Fransa şirkətləri isə Burkina-Fasonun qızıl mədənlərini talan edir və həmin mədənlərdə yerli afrikalı uşaqları ağır şəraitdə işlədib, onların əməyini istismar edirlər. Görün Fransanın Burkina-Fasoda törətdiyi haqsızlıqlar, qəddarlıqlar hansı dərəcəyə çatıb ki, hətta İtaliyanın yeni baş naziri Corciya Meloni də bugünkü çıxışında Fransanı Burkina-Fasoda azyaşlı uşaqları qızıl mədənlərində qul kimi işlətməkdə ittiham etdi. Xanım C.Meloni bildirdi ki, afrikalı uşaqların çıxardığı qızıllar Fransa banklarına ötürülür. 

Yeri gəlibsə, qoy, başqa bir ədalətsizliyi də nəzərinizə çatdırım. 

Fransa prezidenti Emmanuel Makron müstəmləkə dövründə bir sıra Afrika ölkələrindən (Mali, Çad, Efiopiya və s.) talan edilərək aparılmış mədəni irsin, artefaktların həmin ölkələrə geri qaytarılması ilə bağlı vədini hələ də yerinə yetirmək istəmir. Çünki bu adam yalnız riyakar deyil, həm də bildiyiniz yalançıların lap yekəsidir. 

Siz indi təsəvvür edirsinizmi Fransa kimi bir ölkəyə görün necə yarımçıq bir şəxsiyyət, mənəviyyatsız bir siyasətçi rəhbərlik edir?

Və bütün bunlar nədən xəbər verir? 

Bütün bunlar onu deyir ki, dünyanın harasında şər qüvvələr şər hadisələr törədirsə, Fransa da məhz həmin şər qüvvələrin yanında yer alır, onları dəstəkləyir. Yada ki, Fransanın özü bilavasitə şər əməllərlə məşğul olur. 

İran da Fransanın tayıdır. 

Molla rejimi Fələstin və Yəməndən tutmuş, Livan və Ermənistana qədər Yaxın və Orta Şərqin, Cənubi Qafqazın bu və ya digər ölkələrinə gizli silah ötürür, terrorçulara sponsorluq edir. 

“Washington Post” yazır ki, İran bundan sonra da ukraynalıları öldürmək işində Rusiyaya kömək etməyi davam etdirəcək. Çünki Rusiya ilə yeni silah sövdələşmələri imzalayır. 

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin bu gün “İran bütün region üçün təhlükədir” bəyanatı ilə çıxış etməsi də heç də təsadüfi deyil. 

Cənab C.Kleverli bu fikrini belə əsaslandırıb ki, İran və Rusiya bütün dünyada qan axıdır və dağıntılar törədir və qlobal təhlükəsizliyə yaratdığı təhlükə heç vaxt olmadığı qədər ciddi xarakter alıb. 

Məgər ingilis nazir yalanmı deyir? 

Xeyr!

Adam çılpaq həqiqəti dilə gətirib. 

Elə isə İngiltərə kimi supergücün XİN başçısı da şəri öz adıyla çağırırsa və İranın ciddi təhlükə mənbəyi olduğunu deyirsə, deməli, biz də bu fikirləri ciddiyə almalı və həm İrandan, həm də Fransadan və digər düşmənlərimiz tərəfindən gələ biləcək təhlükələrə qarşı daha diqqətli olmalıyıq. 

Axı fars və firəng alçaqlığının həddi, hüdudu yoxdur...

 





20.11.2022    çap et  çap et