Vaxt.Az

Sadəcə milli ruh ...


 

De Byazini böyük məşqçi olmasa da, ağıllıdır

Sadəcə milli ruh ... Kimsə bəyənməyə bilər, amma milli komandanın ardıcıl 5 qələbə qazanması tarixdir. Bəli, bu oyunlarda qarşımıza zəif rəqiblər də çıxıb, əhəmiyyətsiz oyun olduğu üçün bütün gücünü qoymayanlar da. Amma və lakin bundan istifadə etmək özü də bir uğurdur.

De Byazini böyük məşqçi saymıram, Avropada heç ortabablardan da deyil. Lakin çox ağıllıdır, o qədər ağıllı ki, ötən zaman ərzində nicat yolunu tapa bildi. Yerli kadrlardan Qurban Qurbanov kimi istifadə etməyi öyrəndi, “Qarabağ”ın oyunçularının üstünlük təşkil etdiyi heyət qurdu, bu komandanın oyun dəst-xəttini kopyaladı və qələbələri sıralayır.

Öyrənmək heç vaxt gec deyil. De Byazi 66 yaşında öyrənir və tətbiq edir. Seçmə mərhələdə çətin olacaq, lakin ən azı futbolçularda özünəinam yaranır.

De Byazi indiyədək bunu niyə etmirdi? Çünki Elxan Məmmədovun nəfəsi hər an üstündə idi, onun göstərişlərindən, şəriki Riad Rəfiyevin tapşırıqlarından kənara çıxa bilmirdi. İndi Məmmədov Parisdən hadisələrə istədiyi kimi müdaxilə edə bilmir, təsir qüvvəsi azalıb və italiyalı daha rahat işləyir. 14 ildir Azərbaycan futbolunu məhv edən bu adam birdəfəlik kənara atılsa, həm ölkə futbolu, həm də milli komanda inkişaf edər.

Ona da əmin olun ki, Qurban Qurbanov millidən vaxtsız göndərilməsəydi, indi Azərbaycan millisi tamam fərqli, daha yüksək səviyyədə idi. Bir var onu kopyalasınlar, bir də var özü olsun. Hətta millini de Byazinin əvəzinə başqa layiqli yerli mütəxəssis çalışdırsaydı, yenə nəticə daha yaxşı olardı.

Söhbət bugünkü oyunda bütün qolları “Qarabağ”lıların vurmasından getmir, heç penaltiyə səbəbkar olan rus, qırmızı vərəqə alan fars milliləşənləri də önə çəkməyin yeri yoxdur. Sadəcə milli ruh olaraq “Qarabağ” kimi oynayır, qalib ruhlu futbolçuların əsasını təşkil etdiyi milli məhz belə oynamalıydı.

 





20.11.2022    çap et  çap et