Vaxt.Az

BMT “ölüb”...


 

Qurum “sülh”ə çağırmaqdan başqa heç bir işə yaramır

BMT “ölüb”... Nəhayət ki, BMT İrandakı anti-insani vəziyyətlə bağlı guya, narahat olmağa başlayıb.

Belə ki, BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı (OHCHR) İranda vəziyyətin kritik olduğunu bildirib. Təşkilatın insan haqları üzrə komissarı Volker Türk İranda son 2 ayda baş verən etiraz aksiyaları zamanı hakimiyyətin güc strukturları tərəfindən 300-dən çox insanın, o cümlədən 40-dan çox uşağın öldürüldüyünü açıqlayıb.

Bəzi mənbələrə görə isə, 68 gündür davam edən bu nümayişlərdə hökumət qüvvələri tərəfindən öldürülən etirazçıların sayı 434-ə çatıb, 17.473 nəfər isə saxlanılıb. Onların əksəriyyəti işgəncələrə məruz qalıb.

Molla rejimi dünya birliyi tərəfindən ciddi təpkiyə rast gəlmədiyinə görə etirazçılara divan tutur. Etirazları yatırmaq üçün bütün güc strukturları və hətta ordu da cəlb olunub.

Molla rejimi bu dəfə də kəfəni yırtmağı, ayaqda qalmağı bacardı.

Maraqlıdır, Ukraynaya hücum edən Rusiya dünya birliyi tərəfindən ən sərt təzyiqlərə məruz qalsa da, lakin ukraynalıların başına bombaların tökülməsi üçün Rusiyaya kömək edən, ona PUA-lar və raketlər verən və eyni zamanda öz daxilindəki etiraz hərəkatını qan içində boğan İran isə nədənsə, cəzalardan kənarda qalır... 

Bu da müasir dünyamızın “ikili standart”larının əcaib nümunələrindən biridir. 

BMT-nin ədalətli və obyektiv təşkilata çevrilməyi qaldı Qiyamət gününə. Bu təşkilat proseslərin arxasınca sürünməkdən və quldur dövlətlərin liderlərini saxta “sülh”ə çağırmaqdan başqa heç bir işə yaramır. 

Əsl həqiqətdə isə BMT çoxdan “ölüb”...

 





22.11.2022    çap et  çap et