Vaxt.Az

AzTV aktivləşib


 

Dövlət televiziyasının sosial şəbəkələrdə paylaşımları və baxış sayı kəskin çoxalıb

AzTV aktivləşib “Zəngəzur dəhlizi”nə qarşı İranın “qırmızı xətt” açıqlamasından, İran mediasında Azərbaycan əleyhinə yazılar artandan və İran siyasətçilərinin “Azərbaycan deyilən heç bir şey yoxdur, Naxçıvan da İrana birləşdirilməlidir” tipli sayıqlamalarından sonra dövlətin əsas media resursu olan AzTV İrana qarşı amansız “informasiya zərbələri” endirməkdədir.

Bazar günləri efirə çıxan “Həftə” proqramının aparıcısı, AzTV rəhbəri Rövşən Məmmədov həqiqətən İranı “sökür”. 

O, İranın müxtəlif radio xidmətləri, “Səhər TV” və digər media resursları vasitəsilə Azərbaycana qarşı uzun illər apardığı aşağılayıcı siyasəti faktlarla, cəsarətli formada, sərt və kəskin çıxışları ilə ifşa edir.

Son günlərdə Rövşən bəy arxiv materiallarından da çox effektiv istifadə etməyə başlayıb.

Xatırlayıram ki, 20 il bundan öncə eks-prezident Əbülfəz Elçibəyin sifarişi ilə, əsasən Cənubi Azərbaycan mövzusunda olan “Bütöv Azərbaycan” multimedia layihəsi üzərində işləyərkən bu tip informasiya resursları, multimedia materiallar tapmaq və əldə etmək bizim üçün çox çətin olub.

Baxıram ki, AzTV-nin müxtəlif sosial resurslarda yerləşdirdiyi videoların paylaşımları, baxış sayları da kəskin artıb.

Bu tip verilişlər sayəsində AzTV-nin və onun sosial resursların aktivliyi və auditoriyası son zamanlarda kəskin artıb.

Güneydə baş verənlər, oradakı tarixi proseslər, Səttarxan və Xiyabani hərəkatları, Təbrizdə Pişəvərinin rəhbərliyi altında qurulan Azərbaycan Milli Hökumətinin qısa müddətli fəaliyyəti ilə bağlı məlumatlara, xüsusilə multimedia informasiyalara ciddi ehtiyac var.

Düşünürəm ki, AzTV-nin , digər kanallarımızın və media qurumlarının İranın uzun illər Azərbaycana qarşı apardığı informasiya müharibəsinə qarşı adekvat reaksiyaları, Cənubi Azərbaycanla bağlı mesajları və informasiya yüklü verilişləri milli maraqlarımıza uyğundur.

 





22.11.2022    çap et  çap et