Vaxt.Az

«O, gəncliyimizin idealı idi»


 

«Mərkəzi Komitə əsərin nəşrinə icazə vermirdi ...»

«O, gəncliyimizin idealı idi» Böyük yazıçımız İsa Muğannanın ölüm xəbərini gecə yarısı aldım. Elə bildim, göydəki ulduzlardan biri axıb getdi. Azərbaycanın yüzilliklər ərzində yandırdığı ən böyük zəka işıqlarından biri söndü və gecənin qaranlığı bir az da qatılaşdı.

İsa Muğanna nadir istedad sahibi idi. O, bunu ilk əsərlərində göstərmişdi. Cavan yaşlarından Azərbaycan ədəbiyyatının klassiklərindən birinə çevrilmiş, adı nəslimizin böyük yaradıçıları olan Mirzə Cəlil, Ə.Haqverdiyev, Y.Çəmənzəminli, M.S.Ordubadi, S.Rəhimli, M.İbrahimov, Mir Cəlal, Ə.Vəliyev, Ə.Məmmədxanlı, İ.Əfəndiyev, İ.Şıxlı və bu kimi yazarlarımızın adları ilə birgə yer alıb. Ancaq eyni zamanda İsa Muğanna ədəbiyyat tariximizdə yeni, təkrarsız bir hadisə idi. Nəslimizə yeni üslub, yeni baxış, yeni düşüncə tərzi, ən başlıcası, unudulmaz insan xarakterləri gətirmişdi. İsa Muğanna yaradıcılığı nəsrimizdə yeni bir ədəbi məktəbdir. Özündən sonrakı yazıçıların yaradıcılığına ciddi təsir göstərib, nəsrimizi bəsit sosialist realizmi şablonundan qurtarıb, 20-ci əsrin dünya nəsrinin ən gözəl örnəkləri səviyyəsinə qaldırıb.

Gənclik illərimizdə onun hər bir əsərini böyük intizarla gözləyirdik. «Doğma və yad adamlar», «Teleqram», «Kollu koxa», «Tütək səsi», «Yanar ürək», «Məhşər», «İdeal»... İsa Muğannanın bu bir-birindən gözəl əsərləri ötən yüzilin son dərəcə mürəkkəb tarixini, ictimai-siyası hadisələrini əks etdirməklə yanaşı, qədim psixoloji təhlilləri ilə milli xarakterin qeyri-adi dərəcədə mürəkkəb və bənzərsiz mənzərələrini yaradıb.

Onun ən çox müzakirə olunan «İdeal» romanını «Yazıçı» nəşriyyatının baş redaktoru olanda mən nəşr etmişdim. Bunu ürəklə yazıram. Çünki o vaxt Mərkəzi Komitənin İdeologiya şöbəsi əsərin nəşrinə icazə vermirdi. Özəlliklə «Qapalı dünya» bölümünə heç cür icazə vermək istəmirdilər. Mən uzun müzakirədən sonra başa sala bildim ki, bu bölmə əsərin bir qəhrəmanına aiddir. Müəllifin öz fikri deyil. Buna görə müəllifi ittiham etmək olmaz. Əslində dünyaya belə qeyri-adi yanaşmağı bədii əsərə gətirmək yazıçının böyüklüyüdür.

Yalnız bundan sonra Mərkəzi Komitədən bildirdilər ki, bu əsərin məsuliyyətini özün boynuna götür. Bununla razılaşdım və əsərin məsuliyyətini boynuma götürdüm: «İsa Muğanna özü kifayət qədər ağıllı adamdır. Nə yazdığını bilir. Yazdığının məsuliyyətini elə özü müəllif kimi daşıyır. Ancaq eyni zamanda, mən də bir naşir kimi məsuliyyəti boynuma götürürəm.

Bu əsərin böyük bir hissəsi «Yanar ürək» adı altında çap olunub. Bu genişləndirilmiş və təkmilləşdirilmiş nəşrdir. Həmin bölmə də əsər qəhrəmanının düşüncələridir və bu düşüncələr elə ciddi məsuliyyət doğurmur».

Əsər çox böyük tirajla çap olundu. Sonra da dəfələrlə çap edildi. Həmin illərdə İsa Muğanna tez-tez nəşriyyata gəlirdi. Bizim onunla əvvəldən, heç şübhəsiz, çox yaxın münasibətimiz var idi, bundan sonra dostluğumuz daha da möhkəmlənmişdi.

İsa Muğanna son dərəcə maraqlı, gözəl insan, dost, həmsöhbət idi. Onun həyat yoldaşı Firuzə xanım da İsa Muğanna qədər dəyərli insandır. Çox gözəl xanım və əziz bacımızdır. O, İsa müəllimə yaraşan bir xanımdır. Firuzə xanım ömrünün axırına kimi İsa müəllimə xidmət etdi. O, İsa Muğannanın böyüklüyünü dərk edirdi.

İsa Muğanna ilə mən Yazıçılar İttifaqının Moskvada keçirilən qurultayına birlikdə getmişdik. Firuzə xanım da bizimlə idi. Təyyarədə Firuzə xanım İsa müəllimə yemək vermək istəyəndə o dedi ki, «İsmayıl Şıxlı şəkərdi, əvvəl İsmayıla ver, sonra mənə verərsən».

Firuzə xanım yolda yemək üçün pendir və çörək götürmüşdü; az qala hamıya o pendir-çörəkdən verdi. İsa Muğanna bir tikəsini də hər kəslə bölməyi bacaran insan idi.

Onun əsərlərinə çoxlu filmlər çəkilib. Hər biri bizim film sənətində böyük hadisədir. İsa Muğanna bizim gənclik illərimizdə idealımız olan insan kimi də, yazıçı kimi də böyük söz sahibi idi.

Bir dəfə kamera, fotokamera götürüb onların qapılarını döymüşdüm. 4 saat oturub onunla ədəbiyyat haqqında maraqlı söhbətlər eləmişdik, bir albom şəkil çəkdirmişdik birlikdə. O söhbəti lentə də aldırmışdım. Həmin gün zarafatlaşa-zarafatlaşa  Firuzə xanımın da çox dadlı piroqundan yemişdik.

Bunlar hamısı çox əziz xatirədir mənim üçün. İsa Muğanna Azərbaycanın qərb bölgəsinin İsmayıl Şıxlı ilə yanaşı, bütün böyük xarakterlərini, xüsusiyyətlərini ədəbiyyata gətirmişdi. Bununla yanaşı, keçən əsrdəki Azərbaycanın mürəkkəb psixologiyasını, insan və cəmiyyət arasındakı münasibətlərini ədəbiyyata gətirmişdi. Əgər onun uğurlu dil tərcüməçisi olsaydı, yaxud o ingilis, ispan dil mühitində yetişsəydi, heç şübhəsiz indi İsa Muğanna dünyanın ən çox tərcümə edilən, dünyada ən çox oxunan yazıçılarından biri olardı.

İsa Muğanna ömrünün müdrik yaşında bizi, ədəbiyyatı tərk etdi. Onun özünəməxsus dünyası var idi. Onun düşüncəsində insan öləndən sonra hamının təsəvvür etdiyi yol ilə yox, tamam başqa yol ilə gedirdi. Onun kitablarında da buna işarə var.

Bu gün o özünün təsvir etdiyi dünyadadır. Ancaq o elə bir dünyadır ki, bizdən elə də uzaqda deyil. O, bundan sonra da, əsrlər keçdikcə əsərlərini oxuyan oxucularını görəcək, onların səsini eşidəcək.

Azərbaycan var olduqca İsa Muğanna da Azərbaycanla bərabər var olacaq.

 





01.04.2014    çap et  çap et