Vaxt.Az

İrəvanın Qərbə ötürdüyü sirr


 

Kremlə ən böyük zərbəni ermənilər vurdu

İrəvanın Qərbə ötürdüyü sirr Nikol Paşinyanın Ermənistanı Rusiyanın orbitindən çıxarmaq üçün axtardığı yollar artıq qapısına kimi gəlib çıxdı. Təbii ki, bunun üçün ilk növbədə tutarlı səbəblər lazım idi. Bu “səbəblərin” bəziləri regionda geosiyasi vəziyyətin yaratdığı reallıqdan doğursa, bəziləri də Ermənistanın Qərbin planına uyğun oynadığı ssenariyə bağlıdır.

Sorosun övladı olaraq göyərçin uçura-uçura özünü “sülh quşu” kimi təqdim edərək çevriliş nəticəsində hakimiyyətə gələn Nikol Paşinyanın qarşısında məhz ilk növbədə Ermənistanı Qərbə inteqrasiya etmək, Rusiyaya qarşı nifrəti aşılamaq olduğu sonrakı proseslərdə özünü bütün çılpaqlığı ilə nümayiş etdirdi.

İkinci Qarabağ müharibəsi və 44 gün ərzində rəsmi İrəvanın müxtəlif səviyyələrdə Rusiyanı Azərbaycana qarşı KTMT üzvü və quruma rəhbərlik edən dövlət kimi müharibəyə təhrik etmək cəhdləri boşa çıxdı. Rusiya gözəl anlayırdı ki, Azərbaycan beynəlxalq səviyyədə onun ərazi bütövlüyünə daxil olan Qarabağ və ətraf rayonlar uğrunda savaş aparır və bu onun haqqıdır.

Bununla belə Ermənistan hərbi-siyasi rəhbərliyi müharibənin ilk günündən 10 noyabr üçtərəfli bəyanatı imzalanan tarixə kimi hər vəchlə Moskva ilə Bakını üz-üzə qoymağa cəhd etdi, KTMT nizamnaməsini əsas gətirərək Rusiyanı təşkilatın ordusunu Azərbaycanın üzərinə yeritmək tələbindən geri çəkilmədi.

Əslində Sorosçu Paşinyan hakimiyyəti bununla iki ölkə arasında (Rusiya-Azərbaycan) ciddi konfliktin əsasın qoymaqla yanaşı, həm də Ermənistanın Rusiyadan uzaqlaşdırılması istiqamətində böyük bir planı işə salmış oldu.

Belə ki, rəsmi İrəvan düşündü ki, birinci (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Azərbaycana Ermənistanla müharibədə hərbi müdaxilə edəcəyi təqdirdə) olacağı təqdirdə Ermənistan Qarabağı əlində qoruyub saxlayacaq, Azərbaycanın hərbi infrastrukturuna daha böyük ciddi zərbə vuracaq və Azərbaycan daxilində ciddi bir xaos vəziyyət hökm sürəcək ki, bu da Ermənistanın daha böyük işğal planını işə salmasına imkanlar aça bilər.

Ermənistanın mövcud iqtidarı belə olan halda isə Nikol Paşinyanın daha böyük divident qazanaraq hakimiyyətdə ömrünü qeyri-müəyyən zamana kimi uzada biləcəyini zənn etdi.

Amma Ermənistan üçün “B” planı da məqbul variant hesab edilirdi. Yaxın keçmişə nəzər salanda əslində, Nikol Paşinyan hakimiyyətinin əsas planının da məhz ikinci variant üzərində qurulduğunu görmək mümkündür. Belə demək mümkünsə, Paşinyan hakimiyyəti Moskvaya sağ göstərib, sol vurdu.

 

Təxribatların əsl səbəbi

 

Ermənistan hərbi-siyasi rəhbərliyi çox yaxşı anlayırdı ki, Rusiya indiki situasiyada Azərbaycanla münasibətləri korlamaq barədə düşünmür. Üstəlik bu ölkənin rəhbərlik etdiyi KTMT-nin tərkibində yer alan Belarus, Qazaxıstan və Qırğızıstan ilə Azərbaycanın münasibətlərinə nəzər saldıqda ağlı başında olan istənilən siyasətçi bu planın daha da imkansız olacağını anlamaqda çətinlik çəkməzdi.

Paşinyanın ağlının başında olduğunu deməyə tərəddüd etsəm də, istənilən halda bu iki variantdan birinin işə düşmək ehtimalının yüksək olduğunu nəzərə alsaq, o zaman bu məsələdə rəsmi İrəvanın tək düşünmədiyinə zərrə qədər də şübhə qalmır.

Belə ki, Rusiya Azərbaycana qarşı guya “Ermənistana təcavüz edir” adı altında qoşun yeritməyəcəyi təqdirdə Paşinyana təqdim edilən “B” planı işə salınır, - necə ki, biz hazırda bunun üzərində İrəvanın ciddi səylə çalışdığını görürük.

Beləcə, Ermənistan hakimiyyəti ilk növbədə Rusiyanın onları istər 44 günlük İkinci Qarabağ müharibəsi zamanı, istərsə də ondan sonrakı postkonflikt dövründə dəstəkləmədiyini, neytral mövqe tutmasını KTMT nizamnaməsinə tamamilə zidd adlandıraraq, Kremli Ermənistana xəyanətdə suçlamaqla erməni ictimaiyyətində Rusiyaya qarşı nifrət, narazılıq toxumu səpməyə nail oldu. Necə ki, ötən gün Putinin İrəvana səfəri zamanı küçələrdə etirazçıların əllərində tutduqları pankartlarda Rusiyaya, Putinə qarşı nifrəti açıq sezmək mümkün olur.

 

Ermənistanda KTMT-yə və Putinin ölkəyə səfərinə etirazlar

 

Xüsusilə də bu ilin 12-15 sentyabr tarixində Ermənistan hərbi birləşmələrinin növbəti lokal təxribatından sonra Azərbaycan Ordusunun önəmli yüksəklikləri ermənilərdən geri alması, həmin istiqamətdə möhkəmlənməsini bütün dünyaya “Ermənistana təcavüz” kimi sırımağa çalışan rəsmi İrəvanın çırpınışlarının növbəti dəfə Kremldə əsassız hesab edilməsi Paşinyan hakimiyyətini Rusiyanın orbitindən çıxmaq istiqamətində Qərbin tapşırıqlarına uyğun şəkildə addımlar atmasına imkanlar açdı.

Əslində isə Paşinyana nə Qarabağla bağlı məsələlər maraqlıdır, nə erməni əsgərlərinin varlığı-yoxluğu, nə də Qarabağ ermənilərinin taleyi. Paşinyanın qarşısında bir vəzifə dayanır - Ermənistanı uzun illərdir forpostu olduğu Rusiyanın asılılığından xilas etmək!

9 ay əvvəl Rusiyanın Ukraynaya hücumu Ermənistanın işinə yaradı. Rusiyanın günü-gündən gücünü itirməsi, Şərqi Avropada qaynar müharibə nöqtələrində mövqeyinin zəifləməsi onu istəməyənləri, xüsusilə də Ermənistanı məqsədinə çatması yönündə Qərbin Kremlin divarlarını Ukraynada sökmək planında önəmli fiqurlardan birinə çevrilməsinə imkanlar açdı.

Baxmayaraq ki, bu müharibənin ilk günlərində Rusiyanın düşündüyü kimi Ermənistan hakimiyyəti, müxalifəti və lobbisinə kimi hər kəs “qısa zamanda Ukrayna məğlub ediləcək” fikrinə düşdükləri üçün özlərinə əl qataraq Rusiyaya müxtəlif yollarla dəstəklərini nümayiş etdirirdilər. O vaxta kimi ki, bütün dünya anladı ki, müharibə Rusiyanın düşündüyü qədər ona asan başa gəlməyəcək.

 

Ermənistanda KTMT-yə və Putinin ölkəyə səfərinə etirazlar

 

Belə olan halda Ermənistan məcrasını birdən-birə dəyişərək ikitirəlik siyasətinə sadiqlik nümayiş etdirərək Rusiyaya növbəti xəyanətinə qol qoydu. Rəsmi İrəvan onu istər Aprel döyüşləri zamanı, istər 44 günlük Vətən müharibəsi, istərsə də bu ilin sentyabrındakı hərbi toqquşma zamanı Azərbaycanın əlindən alan, onun Cənubi Qafqaz regionunda mövcudluğunun sual altına düşməsinə növbəti dəfə imkan verməyən Rusiyanı sözün əsl mənasında Qərbə satdı.

Belə ki, Ermənistanın Rusiyanın rəhbərlik etdiyi KTMT-dən çıxmağa hazırlaşdığı bir ərəfədə onu bir təsisat kimi təhqir etməsi bu qurumun əsaslarının sarsıdılmasına hesablanmış Qərb ssenarisinin davamıdır. Hətta istisna edilmir ki, Rusiyanın Ukrayna ilə Qərbin silahlarına qarşı aciz qalmasının, gözlənilməz geriçəkilmələrinin əsl səbəbləri Ermənistan tərəfindən KTMT çərçivəsində hərbi planlaşdırma və birgə hava hücumundan müdafiə sistemlərinin Qərbə sızdırılması, ötürülməsi ilə bağlıdır.

Rusiya silah sistemlərinin bütün texniki xarakteristikalarına, Rusiya döyüş planlarına və döyüş hazırlığına, onun aparılmasına, metodologiyasına yaxşı bələd olan Ermənistanın bütün bu məlumatları Qərbə ötürdüyünə dair əsaslı şübhələr yaranmağa başlayıb.

Göründüyü kimi, Ermənistan Moskvadan xilas olmaq üçün onun rüsvayçı məğlubiyyətinə səbəb olacaq önəmli, həyati əhəmiyyətli hərbi məlumatları Qərbə ötürməklə Rusiyaya böyük zərbə vurmaq variantını belə işə salıb.

Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasında iştirak etmək üçün bu gün İrəvana səfər etməsinin də əsl səbəbi məhz Ermənistanın Rusiyadan qaçmaq cəhdini əngəlləmək məqsədi daşıyır. Nəzərə alsaq ki, Moskva gözəl anlayır ki, regionda əsrlər öncə ən böyük layihəsi olan Ermənistanı itirmək onun Cənubi Qafqazdakı mövqeyinin itirilməsi, Qarabağ kartının əldən çıxması demək olacaq ki, bu da Rusiyanın Ukraynanın ardınca burada da sarsıdıcı zərbəyə məruz qalması anlamı daşıyır.

Bu səbəbdən də Ermənistan üçün Rusiyanın təsirindən çıxmaq, Qərbə meyllənmək, müstəqil siyasət yeridə bilmək niyyəti baş tutacaq kim görünmür. Çünki Moskva göz görə-görə Qərbin ona belə bir zərbə vurmasına nəyin bahasına olursa olsun şərait yaratmayacaq. Bu o deməkdir ki, bu region uğrunda mövqe savaşı daha da amansız xarakter ala bilər. (Milli.az)

 





23.11.2022    çap et  çap et