Vaxt.Az

Kifayət qədər ipucu var ...


 

Bakı-Moskva xəttinə Ermənistanın cəzalandırılması üçün yeni “enerji” yüklənir

Kifayət qədər ipucu var ... Rusiya Prezidenti Vladimir Putin 5 gün ərzində iki dəfə Azərbaycan lideri İlham Əliyevə zəng edib. Cənab Putin telefon diplomatiyası ilə Bakı-Ankara birgə maraqlarında yeni səhifə açılmasına və ortada olan mübahisələrin sonlandırılmasına çalışır.

Hərçənd ki, Putin məsələləri Moskva mərkəzli anlayışla yoluna qoymaq istəyir, ancaq Azərbaycan tərəfi də öz şərtlərindən əl çəkməyib.

Tərəflər buna görə də elə ortaq məxrəc tapmaq istəyir ki, o, həm Azərbaycanın tələblərinin yerinə yetirilməsi üçün Moskva tərəfindən stimul yaratsın, həm də Rusiya öz maraqlarının məzmununu dəyişsin.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin qəbul etdikləri üçtərəfli bəyanatların implementasiyası Bakının gündəliyində duran ən vacib məsələdir və bu işdə Moskvanın da məsuliyyətləri xatırladılır. Lakin Bakının addımları və Moskvanın ermənilər vasitəsilə təxribat yaradan manevrləri ara-sıra Azərbaycanla Rusiya arasında gərginliyin ortaya çıxmasına səbəb olur.

Rusiya ən çox iki məsələdə - Qarabağda yaşayan ermənilərdən istifadə edərək sülhməramlı kontingentin regiondakı ömrünün uzadılmasına və Qarabağda rus icması yaratmaqda israrlıdır.

Lakin Kremldən verilən bu siqnal Azərbaycan üçün suverenlik təhdidi xəttinə yaxınlaşan baryerdir və Bakı Moskvanın iradəsinə qarşı ciddi dirəniş göstərməkdədir.

Rusiya Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyini və özünün Ankara ilə isti münasibətlərini nəzərə alaraq Bakı ilə gərginliyə getmək planını ehtiyata ataraq birgə prioritetlər yaratmaq barədə barədə düşünür.

Əliyevlə Putinin telefon danışıqlarında energetika sahəsindəki əməkdaşlığın perspektivlərini müzakirə etməsi ortaq nöqtəyə dair ipuclarıdır.

Belə ki, bu yaxınlarda Azərbaycanla Rusiya arasında yeni qaz sazişi imzalanıb və müqaviləyə əsasən Rusiya Azərbaycana bu ilin noyabrın 15-dən etibarən qaz ixrac etməyə başlayıb. Nəzərdə tutulur ki:

– Təchizat 2023-cü ilin mart ayına qədər davam etsin,

– Həmin müddətə qədər tədarük həcmi bir milyard kubmetrə qədər olsun.

Rusiya bununla Ukrayna müharibəsində dağılmış iqtisadi mənzərəsini düzəltməyə çalışır, lakin müqavilənin bütün detalları bəlli olmadığından demək mümkündür ki, Kreml həm də uzunmüddətli perspektivi hesablayır. Məsələn, bu, Rusiya qazının Azərbaycan üzərindən Avropaya nəqlinə nail olmaq şansıdır, hərçənd ki, Qərb bunun qarşısının alınması üçün nə lazımdırsa, onu da edəcək.

Çünki Avropa İttifaqında narahatlıq var və bu onunla əlaqəlidir ki, Azərbaycanın idxalın bir hissəsini Moskvanın köməyi ilə asanlaşdırması faktı Brüsselin Cənub Qaz Dəhlizi vasitəsilə diversifikasiya üzrə səylərini boşa çıxara bilər. 

Azərbaycana gəlincə, o, Brüssel qarşısında götürdüyü ixrac öhdəliyinin yarada biləcəyi boşluğu doldurmaq üçün Rusiya qazından daxili bazarını təmin etmək niyyətindədir.

Amma Bakı energetika sahəsində əməkdaşlıq üfüqlərində Avropa İttifaqının səylərinə daha çox önəm verir, çünki Bakı öz qazının Avropaya çatdırılmasından əldə edəcəyi qazancın həcminin perspektivini anlayır.

Müqavilə Azərbaycanla Rusiyanın maraqlarını Ermənistanı əzməsinə şərait yaradan tətbiqdir, belə ki, Moskva İrəvanın göz yaşlarına məhəl qoymayacaq və Bakının üçtərəfli bəyanatların icrasını güc yolu ilə reallaşdırmasına əlavə imkanlar yaradacaq.

Putin noyabrın 23-də Ermənistanda KTMT-nin sessiyasında iştirak edəcək və proqnoz səsləndirmək üçün kifayət qədər ipucu var ki, Kreml başçısı İrəvanın xahişlərinin yerinə yetirilməsindən boyun qaçıracaq.

Bunun üçün bir neçə səbəb:

1. Birinci, KTMT-nin Azərbaycan-Ermənistan sərhədinə birgə kontingent yerləşdirmək üçün qərarı konsensusa əsaslanmalıdır. KTMT daxilində isə ən azından Belarus və Qazaxıstanın Azərbaycana dəstəyi sayəsində belə yekdillik olması gözlənilmir.

2. Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya və Qərb arasında oynayaraq Moskvanın iradəsinə zidd hərəkətlər etməsi, sərhədə ATƏT və Avropa İttifaqı missiyalarını dəvət etməsi Kremli qəzəbləndirir. Çünki İrəvanın dəst-xəttini Rusiya özünə qarşı çevrilən qarşı inamsızlıq mühitinin alqılanması kimi qiymətləndirir. Bu baxımdan Rusiya özü də Ermənistanın cəzalandırılmasında son dərəcədə maraqlıdır.

3. Ermənistan KTMT-nin sarsıdılmasına yönələn cəhdlərin müəllifidir və iddialar var ki, İrəvan təşkilatın hərbi sirr sayıla biləcək materialların Qərbə ötürülməsinə çalışır. Bu da Rusiyanı əsəbiləşdirən faktorlar siyahısında özünə yer edib.

4. Putinin İrəvana gəlişi ərəfəsində Ermənistanda anti-Rusiya ovqatında mitinqlər keçirilib və sözsüz ki, Rusiya lideri bu amili də nəzərə alacaq.

5. Ermənistan Gümrüdəki 102-ci hərbi bazanın çıxarılmasına nail olmaq istəyir, lakin Rusiya bunu, Cənubi Qafqazdakı hərbi mövcudiyyətini sual altına ala bilən işartı kimi görür.

Putinlə Əliyevin noyabrın 22-də telefon danışığı zamanı üçtərəfli razılaşmaların, praktiki olaraq icrası məsələləri nəzərdən keçirilməsini həmin enerji sahəsindəki əməkdaşlıq və indi sadaladığımız 5 bənd fonunda diqqətdə saxlamaq lazımdır.

Nəzərə alaq ki, son günlər Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə erməni silahlıları Azərbaycan ordusuna qarşı təxribatlarının miqyasını genişləndirib.

Sərhəddə də Ermənistan provokasiyalara ara vermir ki, bu da Azərbaycanın həm antiterror, həm də sərhəddə genişmiqyaslı hərbi əməliyyatları üçün “yol xəritəsidir”.

 





23.11.2022    çap et  çap et