Vaxt.Az

“Şahnamə”dən üzübəri ...


 

... “Persiya” törəmələrinin siyasətində heç bir dəyişiklik yoxdur

“Şahnamə”dən üzübəri ... İranın Azərbaycana münasibətdə, xüsusilə də ərazilərimizin işğal edildiyi zaman kəsiyində sərgilədiyi mövqe, həmçinin bu ölkənin dünyanın sivil dövlətlərinin idarəetmə modelindən fərqli yarıleqal, yarıməxfi təsisatlarının dövlət quruluşumuz əleyhinə fəaliyyətləri barədə mövcud olan və hətta çoxsaylı istintaq materiallarında, məhkəmə proseslərində təsdiqini tapmış faktlar bu molla rejiminə qarşı daim ehtiyatla yanaşmağımızı zəruri edir. Əslində ritorikanı, şüarçılığı bir kənara qoyub, İranın Azərbaycana münasibətini olduqca bəsit və dəqiq metodla müəyyənləşdirmək olar. İran hər zaman Azərbaycanın qarşısında olanların yanında yer alıb. Birbaşa olmasa da dolayısıyla...

Təkcə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı İranın uzun illər oynadığı ikrahdoğurucu oyunları, Xəzərin o tayındakı qardaşlarımızla aramıza nifaq salmaq cəhdlərini xatırlasaq, Tehran rejiminin bizə olan münasibətinin gerçək üzünü görə bilərik. İran klassik fars siyasətinin üslubuna uyğun olaraq, bir ölkənin güclənməməsi, ədaləti bərqərar etməməsi, qalib olmaması üçün əlindən gələni edir, sonra da qalibin yanında olduğunu görüntüləməklə məğluba revanş etmək üçün dəstək verir.

Türklərin hakimiyyətdə olduğu dövrlər istisna olmaqla, Əhəmənilərdən bu yana “Persiya” törəmələrinin siyasətində heç bir dəyişiklik baş verməyib. Pəhləvilər hakimiyyəti qəsb etdikdən sonra, bu siyasət daha qabarıq və daha aqressiv bir obraz alıb və bu gün formasını dəyişsə də mahiyyətini olduğu kimi saxlayır. Şübhəsiz ki, biz həmişə, hazırda İran adlanan ölkənin timsalında yaxın və səmimi bir qonşumuzun olmasını arzulamışıq. Amma mövcud dini-siyasi rejimin siyasətinin ana xəttini təşkil edən ariizm, panfarsizm dönəmində bunun mümkün olmayacağı gün kimi aydındır.

Firdovsinin “Şahnamə”sindən tökülən zəhər bu günə qədər də beyinlərdən silinməyib. Panfarsist siyasət bütün dost xalqların İranla münasibətlərinə ciddi maneə yaradır. “Fars idarə edir, türk döyüşür, qoruyur” kimi saxta, məkrli iddialar tarixdə nəhəng imperiyalar qurmuş bir millətin sələfləri üçün keçərli deyil və olmayacaq. Biz daha ədalətli idarə edirik. Minillərdən bu yana boy göstərən dövlətçilik tariximiz də bunu sübuta yetirir.

 





24.11.2022    çap et  çap et