Vaxt.Az

Kreml fikrindən daşınıb?


 

Putin Paşinyana pozitiv siqnallar ötürüb

Kreml fikrindən daşınıb? Nikol Paşinyan hökumət nümayəndələrinə bildirib ki, Horadiz-Mehri-Ordubad-Sədərək-Yerasx dəmir yolunun bərpasına imkan yaranıb. Baş nazir bildirib ki, bu məsələ ilə bağlı o, Vladimir Putindən “pozitiv siqnallar” alıb...

Nikol Paşinyan deyib ki, əvvəlki acı təcrübəni nəzərə alaraq deməliyəm ki, hələ konkret qərar verilməyib: ”Ancaq bu məsələ ilə bağlı maliyyə problemimiz olmayacaq”.

“Horadiz-Mehri-Ordubad-Sədərək-Yerasx” dəmir yolu əslində Zəngəzur dəhlizi dediyimiz məsələdir. Ermənistan tərəfinin hesablamasına görə, bu dəmir yolu xəttinin bərpasına 200 milyon dollar vəsait lazımdır.

Azərbaycan tərəfi bu xətlə bağlı öz üzərinə düşən işlərə çoxdan başlayıb. Ermənistan isə hələ də bu işi yubadır...

Nikol Paşinyan Putindən hansı “pozitiv siqnallar”ı alıb? Bu, son dərəcə önəmli məsələdir...

Bəllidir ki, Ermənistan bu xəttin açılmasına razıdır. Özü də ikiəlli. Ancaq istədiyi odur ki, bu xəttin Ermənistandan keçən hissəsi Ermənistanın suveren hüquqlarından doğan qanunlar əsasında tənzimlənsin. Azərbaycan isə bu xəttin dəhliz statusunda olmasını tələb edir. Rusiya isə bu xəttə nəzarət etməkdə israrlıdır. Azərbaycan və Türkiyə isə Rusiyanın bu xəttə, daha doğrusu Zəngəzur dəhlizinə nəzarət etməsinə etiraz etmirdi. Ermənistan isə bu xəttə dəhliz statusu verməkdən imtina etməklə Rusiyanı kənarda saxlamağa üstünlük verirdi. Yəni dolayısı ilə Rusiyanı kənara itələyirdi...

Bu kontekstdə “pozitiv siqnallar” o anlama gəlir ki, Rusiya bu xəttə nəzarət etmək fikrindən daşınıb. Yəni bu missiyanı Ermənistana ötürmək fikrindədir...

Bu, ehtimal nə dərəcə də doğrudur? Konkret nəsə demək çətindir...

Mənim baxışıma görə, Zəngəzur dəhlizi dediyimiz xəttə Rusiyadansa Ermənistanın nəzarət etməsi Türkiyə və Azərbaycan üçün daha məqbuldur. Çünki Rusiya güclü ölkədir. Ermənistan isə zəifdir. Sülh müqaviləsi bağlandıqdan sonra Ermənistan Türkiyə və Azərbaycanın təsir dairəsinə düşəcək. Həm də bu xəttin beynəlxalq önəmi o qədər böyükdür ki, istər istəməz o xətt dəhliz statusunda fəaliyyət göstərəcək...

 





24.11.2022    çap et  çap et