Vaxt.Az

Güneylə 90-cı illərin Quzeyi


 

Bugünkü müzakirə və gəlişmələr öz sözünü mütləq deyəcək

Güneylə 90-cı illərin Quzeyi Güneyin özünüidarə hüququ və ya İrandan müstəqilliyi ilə bağlı söhbətlərdə skeptik atmacalardan biri də budur ki, İranda güneylilərin haqları və Quzey Azərbaycanın əleyhinə danışanların çoxu məhz Güneydəki türklərdir, yəni azərbaycanlılardır.

İranda türk əsilli olan, hansısa hökumət vəzifələri tutan, rejimlə bu və ya başqa bağlılığı olan şəxslərin belə çıxışlar etməsində təəccüblü nəsə yoxdur.

Yadınıza salın Azərbaycanın SSRİ-dən ayrıldığı tarixi.

1991-ci ilin martında keçirilmiş referendumda Azərbaycanın ozamankı əhalisi SSRİ-nin saxlanması lehinə, yəni Azərbaycanın ayrılıb müstəqil olması əleyhinə “səs verdi”.

Naxçıvandan başqa. Onlar Bakıdan gələn tələbləri rədd edib saxtalaşdırılan referendumu boykot elədilər.

Azərbaycan Ali Sovetinin ozamankı 350 deputatından 300-dən çoxu bu saxta referendumla bağlı qərara “hə!” dedilər. Yalnız 44 deputat əleyhinə səs verdi.

Həmin 44 deputatdan çoxu sonradan uzun illər artıq müstəqil olmuş Azərbaycanda müxtəlif vəzifələr tutmaqda davam etdilər. Həmin referendumu saxtalaşdıranlar da.

Bu referendumu Moskvadan tələb etdilər. Azərbaycan rəhbərliyi keçirdi. 300-dən çox deputat dəstəklədi. Xalqın da “səsini aldılar”.

Bu 1990-cı ilin 20 yanvarından sonra olmuşdu.

Bu 1988-ci ilin noyabrında 100 minlərlə insanın günlərlə Azadlıq (ozamankı Lenin) meydanına yığışıb Moskvanın siyasətindən qəzəblərini ifadə etməsindən 2 il yarım sonra olmuşdu.

Yəni indi hansısa türk əsilli ayətullahın, imam cümənin, SEPAH-çı, ya Bəsic üzvünün, polis və hakimin, deputatın Quzey Azərbaycan, Güneydəkilərin haqları əleyhinə danışması, İran rejimini öyməsi təəccüblü və ən başlıcası həlledici ola bilməz.

İranda olayların hansı yöndə irəliləyəcəyini mən bilmirəm. Amma, Güneylilərin öz haqlarını əldə etməsi üçün şanslar az deyil. Bildiyim odur ki, bugünkü müzakirə və gəlişmələr öz sözünü mütləq deyəcək, prosesi xeyli irəli aparacaq.

Önəmli olan odur ki, Quzey Azərbaycanın ölkə başçısının Güneylilərin haqlarını sonadək, hər yerdə müdafiə edəcəyini uca səslə dediyi aşamaya gəlib çatmışıq.

 





27.11.2022    çap et  çap et