Vaxt.Az

Mollaların başı...


 

Zamanın axarı da öz işini görməkdədir

Mollaların başı... Seyid Əli Xameneyinin bacısı qızı yenə gündəmdə əsl fırtına yaradıb. Deyib ki, "Qatil rejimə dəstək verməyin!". Yəni ki, mollalara dəstək verməyin!

İranın ali dini lideri qohumu, hüquq müdafiəçisi Fəridə Muradxaninin sosial şəbəkə üzərindən dünya xalqlarına belə bir şok müraciət etməsi doğrudan da çox cəsarətli və təqdirəlayiq bir hərəkətdir. 

Dünya ölkələrini Tehranla bütün əlaqələri kəsməyə çağıran Fəridə Muradxaninin müraciətində deyilir:

“Ey azad insanlar, bizimlə olun və hökumətlərinizə deyin ki, bu qatil və uşaq öldürən rejimə dəstəyi dayandırsınlar. Bu rejim heç bir dini prinsipinə sadiq deyil və gücdən, hakimiyyəti saxlamaqdan başqa heç bir qayda tanımır”.

Yeri gəlmişkən, Fəridə Muradxaninin bu günlərdə həbs edildiyi barədə məlumatlar yayılmışdı. Görünür, fars-molla rejimi öz doğma dayısının rəhbərlik etdiyi İran hakimiyyətinə qarşı tənqidçi mövqedən çıxış edən bu qadının mübarizə əzmini qıra bilməyib. 

F.Muradxaninin son çağırışı dünya mediası tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Bu cür çağırışlar molla rejimini getdikcə daha çox sarsıdacaq. 

Lakin mollalar da öz növbəsində hakimiyyətdən möhkəm-möhkəm yapışıblar. Görünən budur ki, onlar qan su yerinə axana qədər hakimiyyətdən əl çəkməyəcəklər. 

Ancaq tarixin və zamanın axarı da öz işini görməkdədir. Fars-molla rejimi zamanı tutub saxlaya və hakimiyyətdə əbədi qala bilməz. 

Adətən, bu cür rejimlər 50-100 ildən artıq yaşamır. Sovet-bolşevik rejimi də cəmi 70 il öz mövcudluğunu saxlaya bildi. İndi bu rejimin də sonu gəlib. Sadəcə olaraq mollalar özləri bu tarixi qanunauyğunluğu başa düşə bilmirlər. Baş var ki, bəyəm başa da düşsünlər?

Odur ki, mollaların başı ilə baş mollanın başının daşı yaman ağır olacaq...

 





28.11.2022    çap et  çap et