Vaxt.Az

Çin qaynayır


 

İnsanlar COVİD qapanmalarından bezib, gündəlik yoluxma sayı on minlərlədir

Çin qaynayır Çində koronavirusla iki ildən çox müddətdə aparılan mübarizə nəticə verməyib. Virus bu ölkədə yenə tüğyan edir, yoluxanların sayı sürətlə 50 minə yaxınlaşır. Gündəlik yoluxma sayı on minlərlədir. Baxmayaraq ki, ölənlərin sayı çox deyil, yoluxma sayının artması narahatedicidir. Ümumiyyətlə Çində virus qeydiyyata alındığı gündən bu yana bu xəstəlikdən 5 mindən çox çinli vəfat edib.

Pekin virusun yayıldığı şəhər və qəsəbələri yenidən qapatmağa başlayıb. Çində testlər yenidən mütləq olub, testdən keçməyənlər küçəyə və işə buraxılmırlar. Bu insanların etirazına səbəb olub, bəzi yerlərdə polislə kütləvi toqquşmalar qeydə alınıb. Paytaxt Pekində də vəziyyət mürəkkəbdir, məktəblər, idman zalları, restoran və dəlləkxanalar kütləvi şəkildə qapadılır. Sanitar xidmətlər şəhər küçələrini nəzarətə götürürlər. Çinin böyük şəhərlərində “COVİD polisi” fəaliyyətə başlayıb. Onlar əllərindəki xüsusi kameralarla testdən keçməyənləri küçəyə buraxmır, etiraz edənləri zorla polis məntəqəsinə aparırlar. 

Pekinlə yanaşı əhalisi 25 milyon nəfəri ötən Şanxayda da vəziyyət mürəkkəbdir, şəhər qapanmağa hazırlaşır. Şanxay Çinin və dünyanın əsas ticarət şəhərlərindən sayılır. Bu şəhərin qapadılması müxtəlif növ məhsulların dünya ölkələrinə daşınmasına əngəl yaradır, konteynerlər gəmilərə yüklənmir. Bu dünyada logistik problemləri dərinləşdirəcək. Dünyanın müxtəlif ölkələrində yeni ildə hədiyyələri gözləyənlərin məyus olma ehtimalı yüksəkdir. Digər tərəfdən Çindəki böyük müəssisələrin qapanması da dünya ticarətinə mənfi təsir edəcək. Bunun dünya ticarətində domino effekti olacaq. Misal üçün “iPhone” istehsal edən dünyanın ən böyük fabriki Çindədir və həmin müəssisədə etirazlar başlayıb. Çünki zavodun əməkdaşlarına hərəkət məhdudiyyəti qoyulub. Müəssisələrdə çalışanlar keyfiyyətsiz qidalanmadan da narazıdırlar. İşçilər maaşlarını da vaxtına ala bilmirlər. Müəssisə rəhbərləri narazı işçiləri azad edir, onların yerinə başqalarını cəlb edir. 

Beləliklə, Çində iki il bundan əvvəl koronavirusla mübarizədə tətbiq edilən “sıfır dözümlülük” konsepsiyası müsbət nəticə vermədi. Koronavirusu tam yox etmək mümkün deyil. Çində virus tam yox olmadı, azaldı və yenidən çoxaldı. Dünyanın heç bir ölkəsi virusla mübarizədə Çindəki kimi sərt üsullardan istifadə etmədi.

Urumçi şəhərində noyabrın 24-də evin yanması nəticəsində onlarla uyğur həlak olub. Hakimiyyət koronavirusun yayılması bəhanəsiylə uyğurları evlərində həbsə məhkum edib. Onlar da yanğın zamanı evlərini tərk edə bilmədiklərinə görə yanaraq külə dönüblər. Bu hadisə Çinin digər şəhərlərində insanların küçələrə axışmasına səbəb olub. Sərt karantin qaydalarına etiraz edən çinlilər artıq “Si Tsinpin rədd ol!”, “Kommunist Partiyası rədd ol!” kimi siyasi şüarlar səsləndirirlər. Çin üçün insanların kütləvi şəkildə etirazı görünməmiş hadisədir. Sonuncu dəfə oxşar etirazlar 1989-cu ildə Pekinin mərkəzi meydanı olan Tyananmendə qeydə alınmışdı. O zaman Çin rejimi dəyişiklik tələb edən gənclərə qarşı ordu və tanklardan istifadə etdi, minlərlə insan həlak olmuşdu.

 





28.11.2022    çap et  çap et