Vaxt.Az

Ölünün qıdığı gəlməz ...


 

İrəvan Minsk Qrupunu diriltməyə çalışır, Moskva separat oyuncağı ...

Ölünün qıdığı gəlməz ... Ermənistanın baş naziri Nikol Paşinyanın “İlham Əliyevlə görüşlərdə Fransa prezidenti Emmanuel Makron da iştirak etsin” tələbinin arxasında həm də İrəvanın Minsk Qrupu həmsədrlik institutunu yenidən canlandırmaq istəyi ilə bağlıdır.

Hazırda Rusiya və ABŞ Azərbaycanla Ermənistan arasında vasitəçi kimi çıxış edir, keçmiş həmsədrlərdən bircə Fransa yoxdur. Ona görə də Paşinyan müttəfiqini də prosesə qatmağa çalışır ki, keçmiş üçlük bərpa olunsun. Ancaq biz “yox” deyəndən sonra Fransanı zorla masada oturtmaq mümkün deyil. İkinci Qarabağ müharibəsindən sonra Fransanı faktiki Avropa İttifaqı əvəz edib və bu daha faydalı formatdır, Şarl Mişel birliyə daxil olan bütün ölkələri təmsil edir.

Bu arada Azərbaycan Müdafiə Nazirliyi qısa müddət ərzində artıq neçənci dəfədir ki, Rusiya “sülhməramlı kontingentinin” rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adlarının erməni toponimləri ilə qeyd olunmasından narazılığını bildirir. Qarabağ iqtisadi rayonunu “Dağlıq-Qarabağ ərazisi”, Ağdərəni “Mardakert”, Xocavəndi “Martuni, Suqovşanı “Madagiz” adlandırmaqda davam edirlər. Rusiya rəsmiləri, diplomatları və hərbçiləri İkinci Qarabağ müharibəsindən əvvəl də ərazi bütövlüyümüzə və suvenerliyimizə hörmət etmirdilər, Xankəndini nə vaxt öz adıyla yazıblar ki? Kreml sahibi Vladimir Putin bircə dəfə hərbçilərinə desə ki, Qarabağla bağlı yazışmalarda və açıqlamalarda Azərbaycan qanunlarına riayət edin, “sülhməramlı kontingenti” şəhər, qəsəbə və kəndlərimizin adlarını olduğu kimi vurğulayar. Bunu etmirlərsə, demək Kremldən “Azərbaycan qanunlarına hörmət edin” təlimatı almayıblar.

 





29.11.2022    çap et  çap et