Vaxt.Az

Azərbaycan-Türkmənistan əlaqələrinin inkişafı məmnunluq doğurur


 

İqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya Bakıda toplanıb

Azərbaycan-Türkmənistan əlaqələrinin inkişafı məmnunluq doğurur Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Türkmənistan Baş nazirinin ticarət kompleksi üzrə müavini Batır Atdayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Batır Atdayev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun salamlarını və ehtiramını Prezident İlham Əliyevə çatdırıb. Qeyd edib ki, Azərbaycan Prezidentinin bu ilin iyununda Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə toplantısında iştirak etmək üçün Türkmənistana səfərinə ölkəsində böyük önəm verilir.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Sərdar Berdiməhəmmədova çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan-Türkmənistan ikitərəfli əlaqələrinin inkişafından məmnunluq bildirilib. İki ölkə arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın Bakıdakı iclasında müzakirə ediləcək məsələlər qeyd olunub, energetika, nəqliyyat, logistika, malların qarşılıqlı təchizatı məsələləri barədə fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Azərbaycan ilə Türkmənistan arasında ticarət dövriyyəsinin artdığı qeyd edilib, qarşıdakı dövrdə bu dövriyyənin daha da genişlənməsi üçün birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda gəmiqayırma, gəmi təmiri və digər sənaye sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Qeyd edək ki, noyabrın 29-da Bakıda Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib. Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfdən həmsədri iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkmənistan tərəfdən həmsədri Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Batır Atdayevdir.

 





29.11.2022    çap et  çap et