Vaxt.Az

Aİ ilə Fransanın fərqi ...


 

Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur

Aİ ilə Fransanın fərqi ... “Fransa, şübhəsiz ki, növbəti dördtərəfli görüşdə iştirak etmək istəyir və Ermənistanı inandırır ki, Avropa İttifaqı Şurasının rəhbəri və Əliyevlə təkbətək görüş Ermənistana yaxşı heç nə vəd etmir. Şarl Mişel Avropa İttifaqı Şurasının Prezidenti və belçikalı kimi, dövlətin ərazi bütövlüyü prinsipini xalqların öz müqəddəratını təyin etmək hüququndan daha vacib hesab edir”. Paris Siyasi Elmlər İnstitutunun eksperti Kayts Minasyan belə deyir...

Gördüyü kimi, ekspert dolayısı ilə etiraf edir ki, Avropa İttifaqı ilə Fransanın Ermənistan-Azərbaycan danışıqlarına münasibətləri arasında xeyli fərq var. Yəni Avropa İttifaqı ilə Fransanın mövqeləri bu məsələdə üst-üstə düşmür...

Niyə belədir? Ekspert deyir ki, Şarl Mişel belçikalıdır. Bilməyənlər üçün deyimi ki, Belçika separatizmin darmadağın edə biləcəyi ölkələr arasında öndə gedir. 

Belçikanın ən böyük problemlərindən biri flamandlarla bağlıdır. Belçikada əsasən fransız dilində danışırlar. Flamandların öz dili var. Və bu dil fransız dilindən kəskin şəkildə fərqlənir. Belə ki, bu dil Hind-Avropa dil ailəsinin german dilləri qrupuna (Qərbi german dilləri yarımqrupu) daxildir. Niderland dili kimi tanınır. Dünyada bu dildə 30 milyona yaxın adam danışır. Flamandlar Belçikadan ayrılmaq və Niderlanda (Hollandiya) birləşmək uğrunda mübarizə aparırlar. 

Belçikanın əhalisi 11 milyon nəfərdən bir qədər artıqdır. Əhalinin 60 faizi, yəni 6.450 milyon nəfəri flamanddır. Yəni flamandlar Belçikada etnik azlıq yox, çoxluqdur...

Belçikada almandilli ərazilər də var. Onlar Belçika əhalisinin yalnız 1 faizini təşkil edirlər. Ancaq flamandların məsələsi son dərəcə aktualdır. Onu da deyim ki, Şarl Mişel Namurda (Wallonia, fransızdilli bölgə) doğulub. Ümumiyyətlə, Belçika krallığında (yeri gəlmişkən onu da deyim ki, kral da fransız əsillidir. Kral Philippe 2013-cü ildə taxta çıxıb) fransızdillilər ölkə əhalisinin cəmi üçdə birini təşkil edirlər. Düzdür, Belçika ərazisinin 55 faizi fransızdillilərin payına düşür. 

Yəni erməni ekspertin Şarl Mişelin belçikalı olmasını qabartması təsadüfi deyil. Şarl Mişel elə bir ölkənin təmsilçisidir ki, separatizm o ölkəni darmadağın edə bilər...

Ötən yazılarımın birində Fransada aktiv olan 10 separatçı hərəkat haqqında yazmışdım. Əslində separatizmin müdafiəsi Fransa üçün də ciddi başağrısı ola bilər. Ancaq Fransadakı separatizm Belçikadakı qədər təhlükəli deyil.

Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur. Bu da təbiidir. Çünki bu təhlükə son dərəcə realdır.

 





02.12.2022    çap et  çap et