Vaxt.Az

Lobbi üzərində qurulan biznes ...


 

... Yaxud diaspor mübarizəsi – xeyirlə şərin davası

Lobbi üzərində qurulan biznes ... Diasporların fərqi.

Söhbət xarici ölkələrdəki erməni və Azərbaycan diasporlarından gedir. Bizim sülhsevər diasporumuz ilə yırtıcı erməni “diaspor”unun mübarizəsi lap Xeyirlə Şərin mübarizəsini xatırladır.

Azərbaycan diaspor hərəkatının cəmi 30 yaşı var. Bizim diasporumuz dövlət müstəqilliyimizlə yaşıddır. Yəni ki, xarici ölkələrdəki soydaşlarımız yalnız son 30 ildə diaspor kimi formalaşmağa macal tapıb. 

Ancaq erməni giyenlərinin, terrorçularının və inqilabçılarının (daşnakların) sözdə “diaspor” çətiri altında bir araya gəlməsinin, təşkilatlanmasının tarixi isə 100 ildən çoxdur. 

Və bu gün bu iki qüvvə – 30 yaşlı Azərbaycan diasporu ilə 100+ yaşlı erməni “diaspor”u demək olar ki, dünyanın hər yerində (Gürcüstan, Rusiya, Ukrayna və Moldovadan tutmuş Fransa, ABŞ və Kanadaya qədər) üz-üzə, baş-başa gəlir, toqquşur, mübarizə aparır.

Daha doğrusu, bu iki qüvvə arasında sözün əsl mənasında savaş gedir. Bu, qeyri-bərabər, olduqca ağır bir savaşdır.

Dünyanın aparıcı ölkələrində hətta dövlət, hökumət və parlament strukturlarına qədər hər yerə sıza bilmiş erməni lobbisi və təşkilatlarına qarşı azərbaycanlıların hələ yenicə təşkilatlanmaqda, oturuşmaqda olan diaspor qurumlarının var gücüylə dirəniş göstərməsi sözün həqiqi mənasında fövqəladə bir HADİSƏdir.

Mən ermənilərin “diaspor” birliyini nəyə görə dırnaq arasında qeyd edirəm?

Ona görə ki, onlar ilk başdan təşkilatlanmağa başlayarkən diaspor kimi yox, terrorçu-təxribatçı-qisasçı-devrimçi dəstələr kimi formalaşıblar. Və bu gün də bu məramlarını, mahiyyətlərini qoruyub saxlayırlar.

Bu gün erməni “diaspor”unun müxtəlif ölkələrdə humanitar təşkilatlar, xeyriyyə fondları kimi bər-bəzəkli adlar, lövhələr altında fəaliyyət göstərmələri heç də onların əsl mahiyyətini dəyişmir. Erməni “diaspor”ları hətta silahlı dəstələr saxlaya, terror düşərgələri, bazaları yarada bilirsə, o zaman burada hər hansı diaspor hərəkatından ümumiyyətlə, heç bir söhbət belə gedə bilməz.

Erməni “diaspor”ları terrorizmi qidalandıran potensial təhlükə mənbələridir. Bu isə bizim diasporumuzla onları fərqləndirən əsas cəhətdir.

İkinci böyük fərq isə ondadır ki, Azərbaycan diasporu əlahiddə vətənpərvərliyə söykənir və yeganə məqsədi Azərbaycanı xaricdə təbliğ etmək, tanıtmaq və yeri gələndə ölkəmizi xarici dairələrin haqsız hücumlarından qorumaqdır.

Ancaq erməni “diaspor”u isə Ermənistandan başqa hər kəsin maraqlarına xidmət edir. Xüsusən də böyük dövlətlərin “əlinə oynayır”. Yəni ki, ermənilər diaspor işini siyasi biznes vasitəsinə çeviriblər və özlərini böyük dövlətlərə çox baha qiymətə “satırlar”. İstifadə olunmaq üçün. Daha doğrusu, geosiyasi dəyənək kimi istifadə olunmaq üçün...

Kimə qarşı?

İlk növbədə Azərbaycana və Türkiyəyə qarşı!

Bu yaxınlarda Fransa Senatında, dünən isə Fransa Milli Assambleyasında Azərbaycan əleyhinə qəbul edilən qətnamələr də erməni “diaspor”unun üzərindən qurulan növbəti “biznes-layihə”sidir. Və bu “layihə”dən yararlananmaq istəyən tərəflər isə ilk növbədə Fransa və Rusiyadır.

Yəni ki, burda Ermənistanın maraqlarından və ya ümumerməni maraqlarından söhbət belə getmir. Erməni “diaspor”u Ermənistanı da, ümumerməni maraqlarını da necə deyərlər, çoxdan qumara qoyub.

Azərbaycan diasporu isə özünü hər hansı bir supergücün ixtiyarına vermir və hansısa bir ölkəyə qarşı təzyiq vasitəsi kimi, alət kimi istifadə edilmək üçün şərait yaratmır. Əslində bu ən doğru mövqedir.

Lakin bu mövqe, bu fərq ermənilərin böyük dövlətlərlə dil tapmalarında, sövdələşmələrində bizim əleyhimizə, onlarınsa xeyrinə işləyir.

Ona görə də, biz həm erməni “diaspor”unu neytrallaşdırmaq üçün, həm də diasporumuz vasitəsilə böyük güclərin siyasətinə təsir göstərə bilməyimiz üçün daha fərqli üsullardan istifadə etməliyik.

Azərbaycan diasporu gənc olsa da, amma mübarizə əzmi çox güclüdür. Biz bunu 44 günlük müharibə dönəmində də gördük. Həmin günlərdə Xeyir Şəri məğlub etdi...

(Mövzuya qayıdarıq)

 





02.12.2022    çap et  çap et