Vaxt.Az

Zirvədən uca və Qarabağın ulduzu


 

“İrs” nəşrləri seriyasından Şuşa haqqında kitabların təqdimatı keçirilib

Zirvədən uca və Qarabağın ulduzu “Şuşa İli” münasibətilə Mədəniyyət Nazirliyi və “PAŞA Həyat Sığorta” ASC-nin dəstəyi ilə “İrs” Nəşriyyat evi tərəfindən “Şuşa – Zirvədən uca” və “Şuşa – Qarabağın ulduzu” kitabları çap olunub. Dekabrın 2-də Beynəlxalq Muğam Mərkəzində yeni nəşrlərin təqdimatı keçirilib.

Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov kitabların tarixi-mədəni əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, Şuşa şəhəri Azərbaycan üçün, onun mədəniyyəti üçün olduqca əhəmiyyətli və müqəddəsdir: “Qarabağımız, Şuşamız Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli Ordumuzun qanı-canı bahasına azad edildi. Azərbaycanın mədəniyyət paytaxtı kimi Şuşanın tarixi-mədəni zənginliklərinin kitablarda, kataloqlarda əksini tapması böyük əhəmiyyət kəsb edir. Çünki Şuşanın hər küçəsi bir tarix, bir rəmzdir”.

Nazir bildirib ki, Azərbaycan 44  günlük Vətən müharibəsində qələbə çalıb, informasiya sahəsində mübarizə isə davam edir: “Ona görə də Qarabağa, Şuşaya qayıdışımızı, azad edilmiş ərazilərimizin mədəniyyətini və tarixini bu qəbildən nəşrlər vasitəsilə dünyaya çatdırmalıyıq. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə böyük bərpa və quruculuq işləri həyata keçirilir. Dövlətimiz nəinki məscidləri, eləcə də kilsələri bərpa edir. Bu da dünyaya mühüm bir mesajdır”.

28 illik işğal dövrülərində də Şuşaya həsr edilən kitabların nəşr olunduğunu diqqətə çatdıran Anar Kərimov həmin kitabların psixoloji cəhətdən ağır təsir bağışladığını bildirib: “Bu gün yeni işıq üzü görən kitabları isə qürurla, sevinclə təqdim edirik. Çünki əzəli torpaqlarımız artıq azaddır. Kitabların rus və ingilis dilləri ilə bərabər türk dilində də çap olunması qardaş Türkiyədə Şuşa haqqında təsəvvürlərin dərinləşməsinə öz töhfəsini verəcək”.

Kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürünü bildirən nazir “İrs” Nəşriyyat evinin rəhbəri Musa Mərcanlıya Mədəniyyət Nazirliyi tərəfindən təsis olunan “Şuşa – 270” xatirə nişanını təqdim edib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli kitabları “Şuşa İli”nə layiqli töhfə kimi qiymətləndirib. Deyib ki, kitabları Şuşanın tarixi pasportu da adlandırmaq olar: “Nəşrlərdə Şuşanın tarixi, mədəni zənginlikləri özünü göstərməkdədir. Həmçinin burada şəhərin Azərbaycan elminə, incəsənətinə bəxş etdiyi şəxsiyyətlər haqqında dəqiq məlumatlar yer alıb. Sevindirici haldır ki, biz Azərbaycan rəssamlarının ictimaiyyətə az məlum olan Şuşaya həsr etdikləri əsərlərini də bu kitabda görə bilirik. Bu mənada, kitablar həm də Şuşanın rəngli ensiklopediyası sayıla bilər”.

“İrs” Nəşriyyat evinin rəhbəri Musa Mərcanlı diqqətə çatdırıb ki, doqquz ildir fəaliyyət göstərən nəşriyyat bu silsilədən 19-cu kitabını təqdim edir. Yeni nəşrlər daha çox xarici auditoriya üçün nəzərdə tutulub. Düşmənlərimizlə informasiya savaşının davam etdiyi bir vaxtda belə kitabların nəşri çox önəmlidir.

“PAŞA Həyat Sığorta” ASC İdarə Heyətinin sədri Niyaz İsmayılov bildirib ki, 10 ildir fəaliyyət göstərən qurum artıq 13-cü kitabın nəşrinə dəstək olur.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Şuşa ilə bağlı xatirələrini bölüşüb, nəşrlərin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlıq edib.

Çıxışlardan sonra təqdimat mərasimi bədii hissə ilə davam edib. Beynəlxalq Muğam Mərkəzinin solistləri tərəfindən Azərbaycan bəstəkarlarının Qarabağ və Şuşaya həsr olunan əsərləri səsləndirilib.

Kitablarda Şuşanın qədim tarixi, mədəni həyatı, abidələri, işğal dövründə dağıntılara məruz qalması və azadlığa qovuşması faktlar və fotolarla təqdim olunub.

 





07.12.2022    çap et  çap et