Vaxt.Az

140 ölkə üzrə 678 element ...


 

UNESCO-da kimin daha çox irs nümunəsi var?

140 ölkə üzrə 678 element ... 28 noyabr – 3 dekabr tarixlərində Mərakeşin paytaxtı Rabatda UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyası keçirilib. Sessiyada, gündəlikdəki digər məsələlərə yanaşı, UNESCO-nun qeyri-maddi mədəni irs üzrə siyahılarına yeni nominasiyaların salınması haqqında da qərarlar qəbul edilib.

Beləliklə, “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na (Representative List of the Intangible Cultural Heritage of Humanity) 39 nominasiya, “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”na (List of Intangible Cultural Heritage in Need of Urgent Safeguarding) 5 nominasiya (onlardan 1-i – Ukraynanın mətbəx nümunəsi borş haqqında qərar iyul ayında Hökumətlərarası Komitənin növbədənkənar sessiyasında qəbul edilmişdi) və “Bəşəriyyətin ən yaxşı mühafizə təcrübəsi Reyestri”nə (Humanity Register of Good Safeguarding Practices) 4 nominasiya olmaqla – ümumilikdə 48 element bu il UNESCO-da qeydə alınıb.

Onlardan 34-ü milli, 14-ü isə çoxmillətli (iki və daha çox ölkə tərəfindən) nominasiya olaraq qəbul olunub. Hazırda UNESCO-nun müvafiq siyahılarında 140 ölkənin ümumilikdə 678 irs elementi var. Müqayisə üçün deyək ki, iki il əvvəl, 2020-ci ildə bu göstərici 131 ölkədən 584 element idi.

Qeyd edək ki, UNESCO-nun qeyri-maddi mədəni irs üzrə siyahıları 2008-ci ildən, təşkilatın bununla bağlı müvafiq konvensiyası (2003-cü ildə qəbul olunub) qüvvəyə minəndən sonra tərtib edilməyə başlanıb. Müvafiq siyahılara ən çox nümunə ilk iki ildə (2008 – 90, 2009 – 86) daxil edilib. 2009-cu ildən bu yana isə UNESCO-da ən çox element məhz bu il qeydə alınıb. 2021-ci ildə bu rəqəm 47, 2020-ci ildə 35 idi.

Əlamətdar faktdır ki, Hökumətlərarası Komitənin 17-ci sessiyasında qeyri-maddi mədəni irsi ilə bağlı ən çox elementi qəbul edilən ölkələr arasında Azərbaycan və Türkiyə də var. Məlum olduğu kimi, Azərbaycanın pəhləvanlıq sənəti ilə bağlı milli nominasiyası və ölkəmizin iştirakı ilə təqdim olunan daha üç nominasiya (çay mədəniyyəti, Molla Nəsrəddin lətifələri və baramaçılıq-ipəkçilik sənəti) bu sessiyada qəbul edilib. Türkiyə də sözügedən üç çoxmillətli nominasiya, həmçinin “Ahlat ənənəvi daş ustalığı” milli nominasiyası (“Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”) ilə birgə adını dörd dəfə UNESCO-dakı irs xəzinəsinə yazdıra bilib.

Bu sessiyada İran da qonşu ölkələrlə birgə təqdim etdiyi 4 nominasiya (o cümlədən Azərbaycanın da yer aldığı baramaçılıq-ipəkçilik sənəti ilə bağlı nominasiya) sayəsində UNESCO-dakı siyahısını zənginləşdirib. Fransa isə UNESCO-dakı aktivini 3 element artıra bilib.

Onu da qeyd edək ki, 17-ci sessiyaya “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı” üzrə 46 nominasiya təqdim edilmişdi. Sessiyadan keçməyən yeddi element arasında İran, Tacikistan və Özbəkistanın birgə təqdim etdiyi “Rübabın yaradılması və ifaçılıq sənəti”, “Gürcüstanda ənənəvi at oyunları” milli nominasiyası da var.

Qəbul olunan nominasiyalar sırasında isə Fransanın baget çörəyi, Almaniyada müasir rəqs sənəti, Çinin çayçılıq ənənəsi kimi nümunələri də qeyd edə bilərik. İran və Suriyanın birgə təqdim etdiyi ud ifaçılıq sənəti də qəbul olunub.

UNESCO-da qeydə alınan qeyri-maddi mədəni irs elementlərinin sayına görə birinci yerdə Çin Xalq Respublikasıdır – 43 nümunə. İkinci sırada 26 elementlə Fransa, üçüncü sırada isə 25 nümunə ilə Türkiyədir. Ötən il üçüncü olan Yaponiya bu il aktivinə 1 element yazdıra bilib və indi İspaniya ilə (hər ikisi 23 element) dördüncü sıranı bölüşür. Amma ispanlardan fərqli olaraq, Yaponiya bütün elementləri milli nominasiya olaraq təqdim edib. Sonrakı yerlərdə Koreya Respublikası (22) və İran (21) var. Azərbaycan 19 element (17-si “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”nda, 2-si “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”nda) ilə sıralamada səkkizincidir. Element sayına görə ilk onluqda İtaliya (17) və Belçika (16) da var.

 





07.12.2022    çap et  çap et