Vaxt.Az

Aİ-nin gizli həbsxanaları


 

Günlərlə yeməksiz, susuz kazarmalarda saxlanılıb ...

Aİ-nin gizli həbsxanaları Avropa İttifaqının (Aİ) xarici sərhədlərində sığınacaq axtaranların saxlandığı və pis rəftara məruz qaldığı gizli həbsxanaların olduğu iddia edilib.

Almaniyanın ictimai yayım təşkilatı ARD və “Spiegel” jurnalının, “Lighthouse Reports”, “Sky News”, “Le Monde”, “Domani”, SRF ilə birgə apardığı araşdırmaya əsaslanan xəbərlərdə saxlanılanların qanunsuz olaraq deportasiya edildiyi bildirilib.

Araşdırmalara görə, bu həbsxanalardan biri Bolqarıstanda, sərhəd zastavasının ərazisində yerləşir. Dəmir barmaqlıqlarla əhatə olunmuş müvəqqəti daxmaya bənzəyən tikiliyə gizli kameralarla baxıldığı, qeydlərdə qaçqınların zibillərin arasında yerə uzanaraq saxlanıldığı, daha sonra isə avtomobillərlə başqa yerə aparıldığı bildirilir. Hesabatda sığınacaq axtaranların ifadələri də yer alır. Onların günlərlə yeməksiz, susuz bu kazarmalarda saxlandığı, daha sonra polis tərəfindən sərhədə aparılaraq Türkiyəyə qayıtmağa məcbur edildiyi qeyd edilir.

İstintaq onu da üzə çıxarıb ki, qanunsuz həbslər Aİ-nin “Frontex” sərhəd agentliyinin gözü qarşısında baş verib. Bildirilib ki, Bolqarıstanda sözügedən sərhəd zastavasında “Frontex”in 10 zabiti işləyir. “Human Rights Watch”un Almaniya bölməsinin direktoru Venzel Mişalski, “Frontex”in “problemin bir hissəsi” olduğunu bildirdi və bu cür təcrübələrin qarşısını almayan zabitlərin şərik olacağını vurğuladı. “Frontex”, digər tərəfdən, əməkdaşlarının bölgədəki Bolqarıstan sərhəd polisinə müşahidə fəaliyyətlərində dəstək verdiyini və qeyd olunan şərtlərin onlar tərəfindən müəyyən edilmədiyini müdafiə etdi.

 





10.12.2022    çap et  çap et