Vaxt.Az

“Tanınmış simalarla virtual tur”


 

Milli Xalça Muzeyinin 55 illik yubileyinə həsr olunan filmin təqdimatı

“Tanınmış simalarla virtual tur” Azərbaycan Milli Xalça Muzeyinin 55 illik yubileyinə həsr olunan “Tanınmış simalarla virtual tur” filmi dekabrın 15-də Nizami Kino Mərkəzində təqdim edildi.

Ölkəmizdə ilk dəfə Azərbaycan Milli Xalça Muzeyi tərəfindən tanınmış media və incəsənət nümayəndələrinin iştirakı ilə ərsəyə gətirilən filmdə muzeyin tarixi, burada qorunan milli mədəni irs nümunələri və onlarla bağlı maraqlı adət-ənənələrdən bəhs olunur. 

Filmdə tanınmış televiziya aparıcıları Emil Şahzadə, Leyla Quliyeva, Könül Arifqızı, Dəniz Tacəddin, Fariz İlyasov, Tural Əsədov, Şəbnəm Turan və Əməkdar artistlər Nərgiz Kərimova, Dilarə Səlim, Oleq Əmirbəyov muzeyin ekspozisiyasını təqdim edirlər. Ekran işinin ssenari müəllifi muzeyin direktoru Şirin Məlikova, rejissoru Mübariz Nağıyevdir.

Təqdimatda yaradıcı heyət çıxış edərək film haqqında fikirlərini bölüşdülər. 

Rejissor Mübariz Nağıyev layihənin icrasına 2020-ci ildən başladıqlarını dedi. Bildirdi ki, məqsəd pandemiya dövründə insanları muzeyə yaxın etmək idi: “Filmin hissələrini sosial şəbəkələrdə paylaşmışdıq. Daha sonradan çəkdiyimiz hissələri bir araya gətirib 1 saat 40 dəqiqəlik filmə nail olduq. Nəzərə alsaq ki, filmin ilk hissələri Vətən müharibəsindən əvvəlki dönəmdə lentə alınıb və bu səbəbdən də biz filmdə Qarabağ xalçaları ilə bağlı kadrlarda bir az nisgil görə bilərik. Şükür ki, bu gün biz qalib xalq olaraq öz mədəniyyətimizi, Qarabağ xalçaçılığını dünyaya tanıda bilirik”. 

Filmin ssenari müəllifi Şirin Məlikova qeyd etdi ki, muzeyin daha əlçatan olması üçün bölgələrdəki ziyarətçiləri nəzərə alıb film formatında virtual tur hazırlamağı və sonradan onu televiziya vasitəsilə yayımlamağı düşündük: “Filmdə tanınmış diktorlar, muzeyin aparıcı bələdçiləri Azərbaycanın zəngin milli mədəni irsi barədə dolğun məlumat verir. Layihənin maraqlı alınması üçün filmə populyar aktyorlar, musiqiçilər də yer alıb. Ümid edirik ki, layihə muzeyimizdə olmayan lakin onu görmək istəyən ziyarətçilərin, əsasən də gənc xalçaçı rəssamların diqqətini çəkəcək. Bu layihə üzrə işlərimizi davam etdirəcəyik. Auditoriyamızı daha da genişləndirmək məqsədilə film ingilis və rus dillərində də təqdim olunacaq”. 

Qeyd edək ki, muzeyin “YouTube” səhifəsində yerləşdirilən film nitq məhdudiyyəti olanlar üçün surdotərcümə ilə müşayiət olunur. Bu da respublikamızda muzey işi sahəsində inklüziv proqramların həyata keçirilməsində növbəti uğurlu addımdır.

Layihədə iştirak etmiş televiziya aparıcıları Könül Arifqızı, Nərgiz Kərimova, Dilarə Səlim filmi əhəmiyyətini yüksək qiymətləndirdilər. 

Çıxışlardan sonra “Tanınmış simalarla virtual tur” filmi nümayiş olundu.

 





17.12.2022    çap et  çap et