Vaxt.Az

Laçın-Xankəndi yolunda dinc aksiya yeddinci günündə davam edir


 

Azərbaycan XİN aksiyanın mahiyyətini kobud təhrif edən xarici ölkələrə cavab verib...

Laçın-Xankəndi yolunda dinc aksiya yeddinci günündə davam edir Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki Azərbaycan ərazilərində ermənilər tərəfindən təbii sərvətlərin qanunsuz istismarının davam etməsinə və ərazidə Azərbaycanın aidiyyəti qurumları tərəfindən monitorinqə imkan verilməməsinə etiraz olaraq QHT təmsilçiləri, ictimai fəallar və media mənsublarının dekabrın 12-də başlanan dinc aksiyası yeddinci günündədir. Şuşa şəhəri yaxınlığında, Laçın-Xankəndi yolu üzərində keçirilən aksiyaya hər gün yeni iştirakçılar qoşulur.

Aksiya iştirakçılarının sözügedən əraziyə keçməsinə imkan verməyən Rusiya sülhməramlıları Xankəndi istiqamətinə yolu faktiki olaraq bağlayıblar. 

Aksiya iştirakçılarının çadırları isə yolun kənarında qurulub və sülhməramlılara məxsus təminat yükünün keçidinə şərait yaradılır.

Dekabrın 18-də Xankəndi istiqamətindən Laçın istiqamətinə doğru 10-dan artıq təminat yükü daşıyan maşın keçib. Bu, bir daha göstərir ki, yol açıqdır, təminat və digər humanitar məqsədli keçid üçün aksiyaçılar tərəfindən şərait yaradılıb.

***

Bu arada Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kanada və Litvanın Laçın-Xankəndi yolu üzərindəki dinc aksiyanın mahiyyət və məqsədini kobud təhrif edən bəyanatlarına cavab verib.

“Kanada xarici siyasət idarəsinin Laçın yolunun açılması ilə bağlı qərəzli bəyanatını rədd edirik”, – deyə Azərbaycan XİN “Twitter” səhifəsindəki paylaşım edib.

Xatırladaq ki, Kanada XİN “Twitter”də Azərbaycanı Laçın yolunu açmağa çağırmışdı.

Azərbaycan XİN-in buna cavabında deyilir: “Kanada yaxşı olardı ki, Ermənistanı Laçın yolundan qeyri-qanunu hərbi və iqtisadi məqsədlər üçün, eyni zamanda 2021-ci ildə Ermənistanda istehsal olunmuş minaların daşınması və Azərbaycanda basdırılması üçün istifadə etməkdən çəkinməyə çağırmaqla sülh prosesinə yardım etsin”.

Azərbaycanın uzun illər geniş tərəfdaşlıq münasibətlərinə malik olduğu və dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn suverenlik və ərazi bütövlüyü prinsiplərinə xüsusi önəm verən Litvanın belə bir bəyanatla çıxış etməsi təəccüb və təəssüf doğurur.

Bunu isə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Litva Xarici İşlər Nazirliyinin müvafiq bəyanatına cavab olaraq bildirib.

Azərbaycan XİN-in sözçüsü qeyd edib ki, bu bəyanat Litva Respublikasının Prezidenti Gitanas Nausedanın cari ilin may ayında Azərbaycana səfəri zamanı aparılmış müxtəlif istiqamətli müzakirələr kontekstində anlaşılmazlıq yaradır.

“Litva tərəfinə xatırladırıq ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” deyilən ərazi vahidi mövcud deyil. Litva artıq “Pribaltika” ölkəsi adlandırılmadığı kimi, Azərbaycanın Qarabağ İqtisadi rayonunun Sovet İttifaqı zamanı formalaşdırılmış keçmiş adlarla adlandırılması qəbuledilməzdir.

Litva Xarici İşlər Nazirliyinin qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına, Laçın yolundan həm hərbi təxribatlar, minaların Azərbaycan ərazisinə ötürülməsi, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunmasına etiraz bildirilməsi əvəzinə məsələyə qərəzli və birtərəfli yanaşma tətbiq etməsi narahatlıq doğurur.

Azərbaycanın vətəndaş cəmiyyəti təsisatlarının dinc və haqlı etirazına hörmətlə yanaşılmalıdır.

Bölgədə humanitar vəziyyət barədə iddialara gəldikdə bir daha bəyan edirik ki, Azərbaycan tərəfi ərazilərimizdə yaşayan erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa daim hazırdır və bu məsələdə üçüncü tərəfin müdaxiləsinə ehtiyac yoxdur”, – deyə Azərbaycan XİN-in sözçüsü bildirib.

***

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva isə bu ölkənin "Le Monde" qəzetində dərc olunan yazıya “Twitter” səhifəsində münasibət bildirib.

Səfir vurğulayıb ki, qəzet Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar dərc edib.

"Le Monde" gözünü aç! Şuşa-Xankəndi yolu dinc etirazçılar tərəfindən bağlanmayıb, bütün mülki nəqliyyat azad şəkildə hərəkət edir. Halbuki Naxçıvan Ermənistana görə Azərbaycandan 30 ildir ki, ayrı düşüb (yol bağlanıb)", – deyə o qeyd edib.

 





18.12.2022    çap et  çap et