Vaxt.Az

İşıq da, kölgə də ağ rənglə təsvir olunarsa...


 

Xalq rəssamı Arif Əziz 80 illiyini “Bəyaz”la qarşılayır

İşıq da, kölgə də ağ rənglə təsvir olunarsa... 2023-cü il yanvarın 3-də Xalq rəssamı Arif Əzizin 80 yaşı tamam olacaq. Görkəmli fırça ustası yubileyini yeni sərgi ilə qarşılayır. Dekabrın 23-də Müasir İncəsənət Muzeyində rəssamın “Bəyaz” adlı sərgisinin açılış mərasimi keçirildi.

Müasir İncəsənət Muzeyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) və “Media FM”in təşkilatçılığı ilə gerçəkləşən tədbirə rəsmilər, millət vəkilləri, elm, mədəniyyət, incəsənət xadimləri və digər qonaqlar qatılmışdılar.

Giriş nitqi söyləyən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd etdi ki, Arif Əziz Azərbaycan təsviri sənətində özünəməxsus üsluba malik sənətkardır: “Arif Əziz təsviri sənətimizdə orijinal bir yol seçib, öz üslubunu müəyyən edib. Onun yaradıcılığını Azərbaycan avanqard rəssamlığının son yarım əsrdəki ən aparıcı istiqamətlərindən biri kimi səciyyələndirmək olar. Avanqard bəyaz qrafika Azərbaycanda yalnız onun adı ilə bağlıdır. O, ağ rəng vasitəsilə digər rənglərin funksiyasını yerinə yetirir. Arif Əzizin yaradıcılığında işıq da, kölgə də ağ rəng vasitəsilə ifadə olunur. Rəssamın əsərlərini tam mənası ilə qiymətləndirmək, başa düşmək üçün mütləq həyatı və cəmiyyəti dərindən dərk etmək lazımdır”.

Azərbaycan Dədə Qorqud Beynəlxalq Milli Fondunun prezidenti, “Azərbaycan dünyası” beynəlxalq dərgisinin baş redaktoru Eldar İsmayılov Arif Əzizə qarşıdan gələn 80 illik yubileyi münasibətilə təbriklərini çatdıraraq ona “Dədə Qorqud” mükafatını təqdim etdi.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva vurğuladı ki, Arif Əziz Azərbaycan incəsənətində özünəməxsus yeri olan bir rəssamdır: “Bəyaz qəribə bir rəngdir. Məsələn, hər bir uşaq dünyaya göz açanda bəyaza sarılır. Biz bu dünyadan köçəndə isə apardığımız tək şey bəyaz bir kəfən olur. Arif müəllimin uğurlu rəngi də bəyazdır. Elə insanlar var ki, onları tanıyınca yaradıcılığı gözümüzdə daha da böyüyür. Arif Əziz həmin insanlardandır. Onun sənəti artıq Türk dünyası sərhədlərini aşıb”.

Yubilyar sənətkar çıxış edərək yaradıcılığına göstərilən diqqətə görə tədbirin təşkilatçılarına və qonaqlara təşəkkürünü bildirdi.

Sonda tədbir iştirakçıları sərgi ilə yaxından tanış oldular.

Xalq rəssamının “Bəyaz” sərgisi 2023-cü il yanvarın 24-dək ziyarət üçün açıq olacaq.

 





28.12.2022    çap et  çap et