Vaxt.Az

«İkiüzlüsünüz...»


 

Bakıdan ABŞ vitse-prezidentinə sərt məktub gedib

«İkiüzlüsünüz...» ABŞ-ın Krıma görə Rusiyaya qarşı sərt diplomatik ritorikadan istifadə etdiyi və sanksiyalar tətbiq etdiyi bir vaxtda rəsmi Bakı Vaşinqtonu «ikiüzlülükdə» ittiham edən sərt məktub göndərib.

Bir neçə gün öncə göndərilən bu məktub Qərb mətbuatında da rezonans doğurub. Bu məktub bu günlərdə ingilisdilli və almandilli nəşrlərdə müzakirə mövzusuna çevrilib.

Virtualaz.org saytı Amerika mənbələrinə istinadən xəbər verir ki, deputat və Azərbaycan hakimiyyətinin lobbi işlərinin təşkilatçısı olan Elxan Süleymanov ABŞ-ın vitse-prezidenti Cozef Baydenə, Nümayəndələr Palatasının spikeri Con Bonerə göndərdiyi məktubda rəsmi Vaşinqtonun Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyini niyə Qarabağla əlaqədar 24 ildir ortaya qoymadığını soruşub.

E.Süleymanov ABŞ-ın bu davranışını «ikili standartlar və ikiüzlülük nümunəsi» adlandırıb.

Deputat yazır ki, Azərbaycan ərazisi olan Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistan tərəfindən beynəlxalq normaların tapdalanması nəticəsində 24 ildir işğal olunub. Lakin ABŞ ərazi bütövlüyü prinsipinin pozulmasına dair bu faktı və 1 milyona yaxın azərbaycanlı qaçqının əzab çəkməsini 24 ildir qulaqardına vurur.

E.Süleymanov ABŞ vitse-prezidentini və Nümayəndələr Palatasının spikerini Ukrayna kimi Azərbaycanın da ərazi bütövlüyünü ciddi diplomatik narahatlıq mənbəyinə çevirməyə çağırır.

«Qanun qanundur və müxtəlif ölkələr üçün müxtəlif cür interpretasiya oluna bilməz. Azərbaycan ərazisinin az qala beşdə biri 24 ildir erməni əsgərlərinin işğalı altındadır. Bəs hanı Ermənistana qarşı sanksiyalar?» - deyə deputat məktubunda sual edir.

O bildirir ki, ABŞ vaxtilə təcavüzkarı cəzalandırmaq əvəzinə mübahisəli 907-ci düzəliş vasitəsilə Azərbaycanı cəzalandırıb.

Deputat Nümayəndələr Palatasını Ukrayna kimi Azərbaycanın da ərazi bütövlüyünə dəstək verməyə, 907-ci düzəlişi ləğv etməyə çağırıb.

 





05.04.2014    çap et  çap et