Vaxt.Az

AŞ PA dilemması


 

Rusiya əleyhinə qətnamə səsverməyə çıxarılır, ölkəmiz seçim etməlidir

AŞ PA dilemması Aprelin 10-da Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Rusiya əleyhinə sanksiyaların tətbiqi ilə bağlı qətnamə səsə qoyulacaq. Bu müzakirələrdə və səsvermədə Azərbaycanın hansı mövqedən çıxış edəcəyi maraq doğurur.

Sessiyadan bir neçə gün əvvəl Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirmişdi ki, Ukraynaya dəstək verəcəklər. 

Politoloq Arif Yunus hesab edir ki, Azərbaycan vaxtilə Kosovo və Çeçenistan hadisələrində prinsipial mövqe tutub: 

«Azərbaycan, sadəcə, prinsiplərə əməl etmişdi. Azərbaycan Krımın məsələsində də Ukraynaya dəstək verdi, ərazi bütövlüyünü tanıdı. Çünki söhbət separatçılıqdan gedir. Amma bu mövqeyini Avropa Şurasında da saxlayacaqmı, buna inanmıram». 

A.Yunusun fikrincə, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti səsvermə zamanı ya zaldan çıxacaq, ya da neytral mövqedə dayanacaq: 

«Azərbaycanın Qarabağ kimi prinsipial siyasəti var. Ona görə də separatçılığa qarşı çıxmalıyıq. Hətta Lukaşenko və Nazarbayev kimi müttəfiqlər belə qorxmayıb Rusiyanın Krım siyasətini dəstəkləmədilər. Bəs biz niyə qorxmalıyıq? Rusiya onsuz da təzyiq edir.

Artıq Rusiyanın siyasi imicinə zərbə vurulub və izolyasiya vəziyyətinə düşüb. Hətta Gürcüstanla bağlı siyasətdə kimlərsə onu dəstəkləyirdi. İndi ən yaxın müttəfiqləri olan Belarus və Qazaxıstan da Rusiyaya qarşı çıxır. 

Putin özünü elə göstərəcək ki, sanksiyalar ona təsir etmir. Amma bütün bunlar zamanla effektini göstərəcək. Rusiya Ukrayna məsələsində o qədər dərinə gedib ki, başı uzun müddət bu böhrana qarışacaq. Azərbaycanlı deputatlar isə AŞ PA-da səsvermə zamanı ya aradan çıxacaqlar, ya da bitərəf olacaqlar».

AŞ PA ilə əməkdaşlıq edən hüquq müdafiəçilərindən olan Səidə Qocamanlının fikrincə, Rusiya ilə bağlı səsvermədə çox güman ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyəcək. 

Politoloq Ərəstun Oruclu isə axar.az-a deyib ki, Azərbaycanın AŞ PA-dakı səsvermədə bitərəf qalmasını ən doğru addım sayır: «Məncə, orada Ukraynanın ərazi bütövlüyü məsələsi qətnaməyə daxil edilmirsə və söhbət yalnız Rusiyanın səsvermə hüququnun əlindən alınmasından gedirsə, Azərbaycanın bu məsələdə neytral mövqedə qalması daha məqsədəuyğundur».

Ə.Oruclu bildirib ki, heç nədən Rusiyanı bir az da üstümüzə qaldırmağa ehtiyac yoxdur: «Ərazi bütövlüyü məsələsinə gəlincə, Ukraynanın ərazi bütövlüyü qətnamədə yer alacaqsa, məncə, Azərbaycan bunun lehinə səs verməlidir. Bu, bizim maraqlarımıza uyğundur».

Bu arada Azərbaycan vətəndaş cəmiyyəti adından Avropa Şurasına müraciət olunub. 

Müraciətdə deyilir ki, Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ərəfəsində yerinə yetirməli təcili tədbir olaraq vicdan məhbuslarını azad etməlidir. 

Müraciət AŞ Nazirlər Komitəsinə, baş katibə, Parlament Assambleyasına, Yerli və Regional Hakimiyyətlər Konqresinə, İnsan Hüquqları üzrə Komissara və Beynəlxalq QHT-lərin Konfransına təqdim edilib. 

Sənəddə deyilir ki, Azərbaycanın insan hüquqlarına basqıları Avropa Şurasına sədrliyi ilə bir araya sığmır. Azərbaycan özünü ifadə, sərbəst toplaşmaq və birləşmək azadlıqlarını təmin etməklə bağlı məcburi və fundamental öhdəliklərini xüsusilə ciddi və davamlı şəkildə pozur. Müraciətdə deyilir ki, ölkənin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ərəfəsindəki aylarda ifadə, toplaşma və birləşmə azadlıqlarına təzyiqlər artıb. («Yeni Müsavat»)

 





10.04.2014    çap et  çap et